Maddə 1. Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətinin əsasları
1.1. Hesablama Palatasının Daxili Nizamnaməsi (bundan sonra "Nizamnamə" adlanacaq) Azərbaycan Respublikası Hesablama Palatasının işinin təşkilinin və tənzimlənməsinin əsaslarını müəyyənləşdirir.
1.2. Hesablama Palatası öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanunu, bu Nizamnamə və digər normativ hüquqi aktlar əsasında həyata keçirir.
1.3. Hesablama Palatası tərəfindən dövlət maliyyə-büdcə nəzarətinin həyata keçirilməsi üzrə aparılan audit ali auditdir.
1.4. Hesablama Palatası müstəqil balansa, müvafiq xəzinə hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamp və xüsusi blanklara malikdir.
1.5. Azərbaycan Respublikasının Hesablama Palatasının saxlanılması xərcləri dövlət büdcəsində ayrıca sətirlə nəzərdə tutulur.
1.6. Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan Hesablama Palatasının binasında axtarış aparıla bilməz.
Maddə 2. Nizamnamə ilə müəyyənləşdirilən məsələlər
2.0. Bu Nizamnamə aşağıdakı məsələləri müəyyənləşdirir:
2.0.1. Hesablama Palatasının işinin təşkilini və tənzimlənməsini;
2.0.2. Hesablama Palatasının üzvlərinin və əməkdaşlarının səlahiyyətlərini və məsuliyyəti;
2.0.3. dövlət maliyyə-büdcə nəzarətinin əsas istiqamətlər üzrə həyata keçirilməsi qaydalarını;
2.0.4. maliyyə-büdcə ekspertizası ilə bağlı auditin keçirilməsi, rəy və hesabatların tərtib və təqdim edilməsi qaydalarını;
2.0.5. Hesablama Palatasının fəaliyyətinin nəticələrinin rəsmiləşdirilməsini.
Maddə 3. Hesablama Palatasının iş planlarının tərtib edilməsi
3.1. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə müvafiq olaraq Hesablama Palatası fəaliyyətini illik və cari iş planları əsasında həyata keçirir.
3.2. Hesablama Palatasının illik iş planı Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, onun daimi komissiyalarının sorğu və təklifləri nəzərə alınmaqla tərtib edilir.
3.3. Hesablama Palatasının illik iş planında nəzərdə tutulmuş tədbirlərin rüblər üzrə bölgüsü cari iş planlarında müəyyənləşdirilir və konkretləşdirilir.
3.4. Hesablama Palatasının illik və cari iş planlarının layihələrinə Hesablama Palatasının Sədrinin təqdimatı ilə Hesablama Palatasının iclaslarında baxılır və təsdiq edilir.
3.5. Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin tapşırığı olmadan Hesablama Palatasının iş planından əlavə maliyyə-büdcə ekspertizası aparması qadağandır.
3.6. Hesablama Palatasının iş planlarının icrası bu Nizamnamə və digər normativ hüquqi aktlarla təmin edilir.
Maddə 4. Hesablama Palatasının normativ-metodiki sənədləri
4.1. Hesablama Palatasının normativ-metodiki sənədləri aşağıdakıları müəyyən edir:
4.1.1. Hesablama Palatası iclaslarının iş qaydalarını;
4.1.2. Hesablama Palatası Aparatının fəaliyyət qaydalarını;
4.1.3. Hesablama Palatasına daxil olan ərizələrə, müraciətlərə, məlumatlara, sorğulara, təkliflərə və tapşırıqlara baxılması qaydalarını;
4.1.4. maliyyə-büdcə nəzarəti tədbirlərinin hazırlanması, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi qaydalarını;
4.1.5. Hesablama Palatasının funksiyalarının həyata keçirilməsi ilə əlaqədar dövlət hakimiyyəti orqanlarının nümayəndələrinin, auditor təşkilatlarının, müstəqil auditorların, ekspertlərin və ayrı-ayrı mütəxəssislərin cəlb edilməsi qaydalarını;
4.1.6. Hesablama Palatasının verdiyi rəylərin, təkliflərin, məlumatların və hesabatların tərtib və təsdiq edilməsi qaydalarını;
4.1.7. Hesablama Palatasının fəaliyyəti barədə məlumatların hazırlanması və kütləvi informasiya vasitələrində yayılması qaydalarını;
4.1.8. Hesablama Palatasında kargüzarlığın aparılması qaydalarını;
4.1.9. Hesablama Palatasının fəaliyyəti ilə bağlı digər qaydaları.
4.2. Hesablama Palatası metodiki göstərişlərini, təlimatlarını, audit standartlarını, hesabat və məlumat formalarını, habelə digər normativ-metodiki sənədlərini INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) tərəfindən qəbul edilmiş standartlara uyğun olaraq hazırlayır.
4.3. Hesablama Palatasının normativ-metodiki sənədləri Hesablama Palatasının iclasının qərarı ilə təsdiq olunduqdan sonra qüvvəyə minir.
4.4. Hesablama Palatasının normativ-metodiki sənədləri ilə tənzimlənməyən cari məsələlərin həlli qaydaları Hesablama Palatasının Sədrinin əmr və sərəncamları ilə müəyyən olunur.
Maddə 5. Hesablama Palatasının Sədri
5.1. Hesablama Palatasının Sədri Hesablama Palatasının fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, onun işini müvafiq qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq təşkil edir, Hesablama Palatasını Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarında və xaricdə təmsil edir.
5.2. Hesablama Palatasının Sədri:
5.2.1. Hesablama Palatasının iclaslarını çağırır və onlara sədrlik edir;
5.2.2. Hesablama Palatasının Sədrinin müavini və Hesablama Palatasının auditorları arasında iş bölgüsünü aparır və onların işini təşkil edir;
5.2.3. Hesablama Palatasının Aparatına rəhbərlik edir;
5.2.4. dövlət büdcəsində nəzərdə tutulmuş xərclər smetası daxilində Hesablama Palatasının strukturunu və ştat cədvəlini təsdiq edir;
5.2.5. Hesablama Palatası üzrə əmrlər, sərəncamlar, göstərişlər və tapşırıqlar verir;
5.2.6. Hesablama Palatasının Aparatının əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad edir, onların ixtisasartırma məsələlərini həll edir;
5.2.7. Hesablama Palatası Aparatının əməkdaşlarının mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;
5.2.8. Hesablama Palatası adından mülki-hüquqi, əmək və digər müqavilələri bağlayır;
5.2.9. Hesablama Palatasının rəylərini, hesabatlarını, məlumatlarını və təkliflərini Azərbaycan Respublikası Milli Məclisinə təqdim edir;
5.2.10. Hesablama Palatasının fəaliyyəti haqqında ildə iki dəfə (yaz sessiyasında - aprelin 15-dən gec olmayaraq və payız sessiyasında - oktyabrın 15-dən gec olmayaraq) Azərbaycan Respublikası Milli Məclisinə hesabat verir;
5.2.11. Hesablama Palatasının digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyətini təmin edir;
5.2.12. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda və bu Nizamnamədə müəyyən olunmuş digər səlahiyyətləri həyata keçirir.
5.3. Hesablama Palatasının Sədri Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının iclaslarında iştirak etmək hüququna malikdir.
Maddə 6. Hesablama Palatasının Sədrinin müavini
6.1. Hesablama Palatasının Sədrinin müavini Hesablama Palatasının fəaliyyətinin normativ, hüquqi və metodiki təminatı, ekspert-analitik və təhlil işlərinə rəhbərlik edir, audit və digər nəzarət tədbirlərinin nəticələrinin, o cümlədən audit hesabatlarının hazırlanmasına, cari yazışmaların icrasına nəzarəti həyata keçirir. Hesablama Palatasının Sədrinin müavini Hesablama Palatasının iş planı üzrə ilkin materialların, Hesablama Palatası tərəfindən keçirilmiş tədbirlərin yekunları üzrə rəy və hesabatların hazırlanmasına və Hesablama Palatasının Sədrinə təqdim edilməsinə cavabdehdir.
6.2. Hesablama Palatasının Sədrinin müavini Hesablama Palatasının Sədri olmadıqda və ya öz vəzifələrini icra edə bilmədikdə onu əvəz edir.
6.3. Hesablama Palatasının Sədrinin müavini Hesablama Palatasının Sədrinin tapşırığına əsasən Hesablama Palatasını Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarında və xaricdə təmsil edə, Hesablama Palatasının fəaliyyəti barədə kütləvi informasiya vasitələrinə məlumat verə bilər. Hesablama Palatasının Sədrinin müavini Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının iclaslarında iştirak etmək hüququna malikdir.
Maddə 7. Hesablama Palatasının auditorları
7.1. Hesablama Palatasının auditorları iş bölgüsü əsasında onlara həvalə edilmiş fəaliyyət istiqamətlərinə rəhbərlik edir və işin nəticələrinə görə məsuliyyət daşıyırlar.
7.2. Auditorlar onlara həvalə edilmiş fəaliyyət istiqamətləri üzrə illik və cari iş planlarının layihələrini hazırlayır və baxılmaq üçün Hesablama Palatasının Sədrinə təqdim edirlər.
7.3. Auditorlar fəaliyyətlərini Hesablama Palatasının iclası tərəfindən təsdiq olunmuş iş planlarına əsasən həyata keçirir. Auditor rəhbərlik etdiyi istiqamət üzrə normativ, hüquqi və metodiki sənədlərin layihələrini hazırlayır, ekspert-analitik fəaliyyəti həyata keçirir. Auditorun ekspert-analitik fəaliyyətinin nəticələri aşağıdakı formalarda rəsmiləşdirilir: auditor rəyi, analitik qeyd və şərhlər, qanun layihələrinə dair rəylər, qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi haqqında təkliflər, hesabat və sair. Həmin sənədlər baxılmaq üçün Hesablama Palatasının Sədrinə təqdim edilir.
7.4. Auditor keçirilmiş nəzarət tədbirləri üzrə rəy və hesabatları, digər sənədləri imzalayır və onlara görə məsuliyyət daşıyır.
7.5. Auditor rəhbərlik etdiyi fəaliyyət istiqaməti üzrə rüblük və illik hesabatlarını Hesablama Palatasının Sədrinə təqdim edir.
7.6. Hesablama Palatasının Sədrinin tapşırığına əsasən auditorlar Hesablama Palatasını Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarında və xaricdə təmsil edə bilərlər.
7.7. Hesablama Palatasının auditorları Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının iclaslarında iştirak etmək hüququna malikdirlər.
Maddə 8. Hesablama Palatasının iclasları
8.1. Hesablama Palatasının iclasları onun azı beş üzvü iştirak etdikdə səlahiyyətlidir. Hesablama Palatasının qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxlugu ilə qəbul edilir. Səslər bərabər bölündükdə Hesablama Palatasının Sədrinin səsi həlledicidir.
8.2. Hesablama Palatasının iclaslarında aşağıdakı məsələlərə baxılır və onlar barəsində qərarlar qəbul edilir:
8.2.1. Hesablama Palatasının hesabatlarının, rəylərinin və təkliflərinin təsdiq edilməsi;
8.2.2. Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Milli Məclisinə verilən məlumatların təsdiq edilməsi;
8.2.3. Hesablama Palatasının daxili normativ və metodiki sənədlərinin təsdiq edilməsi;
8.2.4. Hesablama Palatasına təqdim edilən hesabat və məlumat formalarının təsdiq edilməsi;
8.2.5. Hesablama Palatasının iş planlarının təsdiqi, qanunvericiliklə nəzərdə tutulan hallarda plandan əlavə tədbirlərin icraya götürülməsi;
8.2.6. Hesablama Palatasının fəaliyyət istiqamətləri üzrə auditorlar tərəfindən təkliflərin qəbul edilməsi;
8.2.7. nəzarət tədbirlərinin təşkili və keçirilməsi proqramlarının təsdiq edilməsi;
8.2.8. Hesablama Palatasının keçirdiyi nəzarət tədbirlərinin nəticələrinin təsdiq edilməsi;
8.2.9. Hesablama Palatasının fəaliyyəti barədə kütləvi informasiya vasitələrinə verilən məlumatların təsdiq edilməsi;
8.2.10. Hesablama Palatasının səlahiyyətləri həyata keçirilərkən dövlət hakimiyyəti orqanlarının nümayəndələrinin, habelə müqavilə əsasında auditor təşkilatlarının, müstəqil auditorların, ayrı-ayrı mütəxəssislərin cəlb edilməsi;
8.2.11. Hesablama Palatasının üzvlərinə göstəriş və tapşırıqların verilməsi, onların intizam məsuliyyətinə cəlb edilməsi;
8.2.12. Hesablama Palatası Sədrinin təklifi ilə digər məsələlər.
8.3. Hesablama Palatasının iclaslarının nəticələri protokollarla rəsmiləşdirilir. İclaslarda qəbul edilmiş qərarlar Hesablama Palatasının Sədri tərəfindən imzalanır.
8.4. Hesablama Palatası Sədrinin dəvəti ilə Hesablama Palatasının iclaslarında Hesablama Palatasının üzvlərindən başqa aidiyyatı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri və vəzifəli şəxsləri, habelə Hesablama Palatasının Aparatının işçiləri iştirak edə bilərlər.
8.5. Hesablama Palatasının iclaslarında müzakirə edilən məsələlərə dair səsvermədə yalnız Hesablama Palatasının üzvləri iştirak edir.
Maddə 9. Hesablama Palatasının Aparatı
9.1. Hesablama Palatasının funksiyalarının və səlahiyyətlərinin həyata keçirilməsi, onun fəaliyyətinin təmin edilməsi məqsədi ilə Hesablama Palatasının Aparatı formalaşdırılır.
Hesablama Palatası Aparatının vəzifələri, fəaliyyətinin təşkili və həyata keçirilməsi qaydaları Hesablama Palatasının müvafiq normativ-metodiki sənədləri ilə tənzimlənir.
9.2. Hesablama Palatası Aparatının işçiləri öz fəaliyyətlərini "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa, "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına və bu Nizamnaməyə müvafiq olaraq həyata keçirirlər.
Maddə 10. Hesablama Palatasının üzvlərinin məsuliyyəti
10.1. Hesablama Palatasının üzvləri "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
10.2. Hesablama Palatasının üzvləri intizam məsuliyyətinə aşağıda göstərilən hallarda cəlb edilə bilərlər:
10.2.1. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş vəzifələrini lazımi qaydada yerinə yetirmədikdə;
10.2.2. Hesablama Palatasının iclaslarının aparılmasına və qərarlarının qəbul edilməsinə mane olduqda;
10.2.3. Hesablama Palatasının üzvü kimi onun adına xələl gətirən hərəkətlər etdikdə.
10.3. Hesablama Palatasının üzvləri bu Nizamnamənin 10.2-ci bəndində göstərilən əsaslarla məsuliyyətə cəlb olunduqda, onların barəsində aşağıdakı intizam tədbirləri tətbiq oluna bilər:
10.3.1. xəbərdarlıq;
10.3.2. töhmət.
10.4. Hesablama Palatasının üzvlərinə bu Nizamnamənin 10.3-cü bəndində göstərilən intizam tədbirlərini Hesablama Palatasının Sədri tətbiq edir.
Maddə 11. Hesablama Palatasının üzvlərinə və işçilərinə dair etik qaydalar
11.1. Hesablama Palatası müvafiq audit standartlarına uyğun etika qaydalarını qəbul edir. Hesablama Palatasının üzvləri və işçiləri həmin qaydalara riayət etməyə borcludurlar.
11.2. Hesablama Palatasının auditorlarının və işçilərinin etik tələblərə əməl etməsi məsələləri Hesablama Palatasının Sədri tərəfindən yaradılan Etika komissiyasında baxılır.
Maddə12. Hesablama Palatası tərəfindən həyata keçirilən dövlət maliyyə-büdcə nəzarətinin əsas istiqamətləri
12.1. Hesablama Palatasının həyata keçirdiyi dövlət maliyyə-büdcə nəzarətinin əsas istiqamətləri "Hesablama Palatası haqqında" Azərbaycan Repsublikasının Qanunu ilə müəyyən olunur və aşağıdakıları əhatə edir:
12.1.1. müvafiq qanunvericiliyə uyğun olaraq büdcə prosesində iştirakı;
12.1.2. dövlət əmlakının idarə edilməsindən, onun barəsində sərəncam verilməsindən və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti;
12.1.3. ekspert-analitik fəaliyyəti;
12.1.4. dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə dair rəy verilməsi;
12.1.5. dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə dair rəy verilməsi;
12.1.6. Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları (təsisatları) ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizası;
12.1.7. maliyyə-büdcə ekspertizası ilə bağlı auditin keçirilməsi.
12.2. Hesablama Palatası maliyyə-büdcə nəzarətini audit vasitəsilə, İNTOSAİ (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) tələblərinə uyğun olaraq hazırlanan milli audit standartları əsasında həyata keçirir.
12.3. Maliyyə-büdcə ekspertizası ilə bağlı auditin keçirilməsi, rəy və hesabatların tərtib və təqdim edilməsi qaydaları bu Nizamnamənin V fəslində verilmişdir.
Maddə 13. Hesablama Palatasının büdcə prosesində iştirakı
Hesablama Palatasının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada büdcə prosesində iştirakı dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) layihələrinə dair rəy verilməsini, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin icrasına nəzarətin həyata keçirməsini nəzərdə tutur.
Maddə 14. Dövlət əmlakının idarə edilməsindən, onun barəsində sərəncam verilməsindən və özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət
Hesablama Palatası dövlət əmlakının idarə edilməsisezs, onun barəsində sərəncam verilməsindən və özəlləşdirilməsindən əldə edilən vəsaitlərin (ödənişlərin) dövlət büdcəsinə tam həcmdə, qanunvericiliklə, müqavilələrlə müəyyən edilmiş müddətlərdə daxil olmasının təmin edilməsinə nəzarəti həyata keçirir.
Maddə 15. Hesablama Palatasının ekspert-analitik fəaliyyəti
15.1. Hesablama Palatasının dövlət maliyyə-büdcə nəzarəti ilə əlaqədar ekspert-analitik fəaliyyətinin (maliyyə-büdcə təhlilinin) həyata keçirilməsi - dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə, dövlət büdcəsinin icrası barədə illik hesabatlara və müvafiq qanun layihələrinə, dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasına, dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğuna, dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) vəsaitlərinin bank hesablarında hərəkəti barədə müvəkkil banklardan və digər kredit təşkilatlarından alınan məlumatların təhlilinə dair rəylərin, məlumatların və təkliflərin hazırlanmasıdır.
15.2. Hesablama Palatası tərəfindən keçirilən ekspert-analitik fəaliyyətin nəticələrinə Hesablama Palatasının iclaslarında baxılır və müvafiq rəylər, məlumatlar və təkliflər təsdiq edilir.
15.3. Hesablama Palatası qanunvericiliklə onun fəaliyyət dairəsinə aid məsələlər üzrə dövlət orqanları və hüquqi şəxslərin hesabat və məlumat formalarını təsdiq edir.
Maddə 16. Hesablama Palatası tərəfindən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə dair rəy verilməsi
16.1. Növbəti ilin dövlət büdcəsi haqqında qanun layihəsi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən rəy verilmək üçün Hesablama Palatasına göndərilir. Həmin layihə barədə rəyin verilməsi müddətini Azərbaycan Respublikası Milli Məclisinin Sədri müəyyən edir.
16.2. Hesablama Palatası tərəfindən dövlət büdcəsinin layihəsinə dair rəy Hesablama Palatasının iclasında baxıldıqdan və təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunur.
16.3. Dövlət büdcəsinin layihəsinə dair rəy verilməsi qaydaları Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Milli Məclisinə təsdiq olunmaq üçün təqdim edilmiş büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə rəy verilməsi qaydalarına da şamil olunur.
Maddə 17. Hesablama Palatası tərəfindən dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə dair rəy verilməsi
17.1. Dövlət büdcəsinin icrası barədə illik hesabatlar və müvafiq qanun layihələri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən baxılmaq və rəy verilmək üçün Hesablama Palatasına göndərilir. Rəyin təqdim olunması müddətini Azərbaycan Respublikası Milli Məclisinin Sədri müəyyən edir.
17.2. Bu Nizamnamənin 17.1-ci maddəsində müəyyən edilmiş qaydada hazırlanmış rəy Azərbaycan Respublikası Milli Məclisinin Sədrinə təqdim olunur. Azərbaycan Respublikası Milli Məclisinin Sədri Hesablama Palatası tərəfindən ona təqdim olunmuş rəyi Milli Məclisin müvafiq daimi komissiyalarının müzakirəsinə göndərir. Hesablama Palatasının Sədri, onun müavini və üzvləri Milli Məclisin komissiyalarında keçirilən müzakirələrdə iştirak etmək və müzakirə edilən məsələyə dair öz mövqelərini bildirmək hüquqları vardır.
Maddə 18. Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları (təsisatları) ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizasının keçirilməsi
18.1. Dövlət büdcəsi və büdcədənkənar dövlət fondları (təsisatları) ilə bağlı qanunların layihələrinin, Milli Məclis tərəfindən təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin layihələrinin maliyyə ekspertizasının keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisi və onun daimi komissiyaları tərəfindən Hesablama Palatasına tapşırıla bilər. Bu sənədlərin maliyyə ekspertizasının keçirilməsi müddətləri verilən tapşırıqda müəyyən olunur. Bu Nizamnamənin 18.1-ci maddəsinin birinci abzasında göstərilən sənədlər Azərbaycan Respublikası Milli Məclisinin Sədri tərəfindən Hesablama Palatasına göndərilir və onların maliyyə ekspertizasının keçirilməsi müddəti müəyyən edilir.
18.2. Göstərilən sənədlərə Hesablama Palatasının rəyi onun iclasında baxıldıqdan və təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinə və ya onun müvafiq daimi komissiyasına təqdim edilir.
Maddə 19. Hesablama Palatasının funksiya və səlahiyyətlərinə aid edilmiş maliyyə-büdcə nəzarəti ilə bağlı fəaliyyəti
19.1. Hesablama Palatası "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq onun əsas funksiya və səlahiyyətlərinə aid edilmiş maliyyə-büdcə nəzarətini ilkin və sonrakı maliyyə-büdcə nəzarəti formalarında həyata keçirir.
19.2. İlkin nəzarət - dövlət vəsaitləri ilə bağlı maliyyə əməliyyatlarının aparılmasından əvvəl hüquq pozuntuları üçün şərait və səbəblərin yaradılmasının qarşısının alınması məqsədilə dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin, büdcə-maliyyə məsələləri ilə bağlı qanunların layihələrinin baxılması mərhələsində həyata keçirilir. Sonrakı nəzarət - dövlət büdcə vəsaitləri və digər dövlət vəsaitləri ilə maliyyə əməliyyatlarının aparılmasının, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin icrasının, dövlət əmlakının idarə edilməsi və onun barəsində sərəncam verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalara və müddətlərə uyğun həyata keçirilməsini müəyyən etmək üçün aparılır.
19.3. İlkin və sonrakı maliyyə-büdcə nəzarətinin aparılması üzrə tədbirlərin Hesablama Palatasının iş planlarına daxil edilməsi barədə qərarlar Hesablama Palatasının iclasında qəbul edilir.
19.4. İlkin və sonrakı maliyyə-büdcə nəzarəti tədbirlərinin müddətləri, habelə maliyyə-büdcə təhlilinin dövriliyi Hesablama Palatasının təsdiq edilmiş iş planlarına əsasən müəyyən edilir, Hesablama Palatasının Sədrinin müvafiq sərəncamları əsasında həyata keçirilir.
19.5. İlkin və sonrakı maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri müvafiq sənədlər - aktlar, arayışlar, hesabatlar və məlumatlar formasında rəsmiləşdirilir. Həmin sənədlər nəzarət tədbirlərini həyata keçirmiş Hesablama Palatasının nümayəndələri tərəfindən imzalanır. Aktlar nəzarət tədbiri keçirilmiş qurumun vəzifəli şəxsləri tərəfindən imzalanır, bir nüsxəsi həmin qurumun rəhbərinə təqdim edilir. Nəzarət tədbiri keçirilmiş qurumun vəzifəli şəxsləri aktı imzalamaqdan imtina etdikdə səbəbləri göstərilməklə müvafiq imtina aktı tərtib edilir. Həmin sənəd Hesablama Palatasının nümayəndəsinin tərtib etdiyi akta əlavə edilir.
19.6. İlkin və sonrakı maliyyə-büdcə nəzarəti tədbirlərinin və maliyyə-büdcə təhlilinin nəticələri üzrə aktlar (arayışlar) və hesabatlar əsasında auditor tərəfindən rəy tərtib edilir, digər materiallar da əlavə edilməklə Hesablama Palatasının Sədrinə təqdim olunur. Hesablama Palatasının Sədri həmin sənədlərə Hesablama Palatasının iclasında baxılma tarixini təyin edir. Nəzarət tədbirlərinin nəticələrinə baxılarkən Hesablama Palatasının müvafiq iclasına həmin tədbirlər keçirilmiş qurumların vəzifəli şəxsləri dəvət olunurlar.
19.7. Hesablama Palatası tərəfindən keçirilən ilkin və sonrakı maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri üzrə qəbul olunmuş qərarlar barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilir.
Maddə 20. Hesablama Palatasının keçirdiyi dövlət maliyyə-büdcə nəzarəti ilə əlaqədar məlumat almaq səlahiyyəti
20.1. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci və 15-ci maddələrinə uyğun olaraq Hesablama Palatasının həyata keçirdiyi dövlət maliyyə-büdcə nəzarəti ilə əlaqədar məlumatları, hesabatları və sənədləri dövlət orqanlarından, Azərbaycan Respublikası Milli Bankından, müvəkkil banklardan və digər kredit təşkilatlarından və bütün hüquqi şəxslərdən almaq hüququ vardır.
Həmin təşkilatlar və onların vəzifəli şəxsləri Hesablama Palatasının üzvlərinin sorğusuna əsasən zəruri olan məlumatları təqdim etməlidirlər.
20.2. Hesablama Palatasının üzvlərinin sorğularına tam, dürüst və ya vaxtında cavab verməyən şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 21. Hesablama Palatası tərəfindən maliyyə-büdcə ekspertizasının keçirilməsinin təşkili
21.1. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq Hesablama Palatası maliyyə-büdcə ekspertizası keçirir, rəylər hazırlayır və təkliflər verir.
21.2. Maliyyə-büdcə ekspertizası yalnız Hesablama Palatası tərəfindən təsdiq edilmiş proqram əsasında həyata keçirilir. Maliyyə-büdcə ekspertizasının proqramı Hesadlama Palatasının auditoru (auditorları) tərəfindən tərtib edilir və Hesablama Palatasının iclasında baxılaraq təsdiq olunur.
21.3. Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlirlərinin və xərclərinin maliyyə-büdcə ekspertizası çərçivəsində təhlili müvafiq maliyyə və mühasibat sənədləri, habelə digər məlumatlar əsasında keçirilir.
21.4. Maliyyə-büdcə eskpertizasının keçirilməsi barədə sorğuda (tapşırıqda) göstərildikdə, habelə dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlirlərini və xərclərini təhlil edərkən, maliyyə-büdcə qanunvericiliyinin pozulması hallarının və digər hüquq pozuntularının mövcudluğu barədə qənaətə gəldikdə Hesablama Palatası müəssisə və təşkilatlarda audit (nəzarət tədbirləri) apara bilər.
21.5. Hesablama Palatası tərəfindən bu Nizamnamənin 21.4-cü maddəsində nəzərdə tutulmuş hallarda nəzarət tədbirinin keçirilməsi haqqında məsələ Hesablama Palatasının Sədri tərəfindən Hesablama Palatasının iclasının müzakirəsinə çıxarılır və müvafiq qərar qəbul edilir. Nəzarət tədbirinin keçirilməsi haqqında qərar Hesablama Palatasının Sədrinin sərəncamı ilə rəsmiləşdirilir. Hesablama Palatası Sədrinin sərəncamında nəzarət tədbirlərinin tam adı, keçirilməsinin əsasları, müddətləri, yoxlanılan qurumların adı göstərilir, yoxlama qrupunun tərkibi müəyyən edilir. Qrupun üzvlərinə onların səlahiyyətlərini təsdiq edən Hesablama Palatasının Sədri tərəfindən imzalanmış vəsiqə verilir.
21.6. Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirinin proqramı aşağıdakıları əhatə edir:
21.6.1. nəzarət tədbirinin keçirilməsinin əsası;
21.6.2. keçirilən tədbirin məqsədi və predmeti;
21.6.3. yoxlanılan qurumların siyahısı;
21.6.4. yoxlama qrupunun tərkibi;
21.6.5. nəzarət tədbirinin başlanması və başa çatdırılması müddətləri;
21.6.6. nəzarət tədbiri ilə əhatə olunan dövr;
21.6.7. rəylərin və hesabalartın Hesablama Palatasının iclasına təqdim edilməsinin müddətləri.
21.7. Hesablama Palatasının iki və daha çox auditorunun səlahiyyətinə aid məsələləri əhatə edən nəzarət tədbirləri üzrə vahid proqram hazırlanır. Nəzarət tədbirlərinin proqramları, habelə onlara edilən dəyişikliklər və əlavələr bu Nizamnamənin 21.2-ci maddəsində müəyyən edilmiş qaydada təsdiq edilir.
21.8. Hesablama Palatası tərəfindən maliyyə-büdcə ekspertizası çərçivəsində keçirilən nəzarət tədbirlərinin keçirilməsinə dövlət hakimiyyəti orqanlarının nümayəndələri, habelə müqavilələr əsasında müstəqil auditorlar və ayrı-ayrı mütəxəssislər cəlb oluna bilərlər.
Maddə 22. Hesablama Palatası tərəfindən maliyyə-büdcə ekspertizası ilə bağlı nəzarət tədbirinin keçirilməsi
22.1. Maliyyə-büdcə ekspertizası ilə bağlı nəzarət tədbirlərinin keçirilməsi "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq nəzarət obyekti olan qurumlarda mühasibat (maliyyə) uçotu hesabatlarının, ödəniş-hesablaşma və ilkin uçot sənədlərinin Hesablama Palatasının funksiyalarına və fəaliyyət dairəsinə aid edilən məsələlər baxımından yoxlanılmasını nəzərdə tutur.
22.2. Maliyyə-büdcə ekspertizası ilə bağlı nəzarət tədbirlərinin keçirilməsi barədə yoxlanılan qurumlara Hesablama Palatasının Sədri və ya onun müavini tərəfindən imzalanmış bildiriş göndərilir. Hesablama Palatasının bildirişində yoxlama tədbirinin əsası və yoxlamanın müddəti göstərilir.
22.3. Maliyyə-büdcə ekspertizası ilə bağlı nəzarət tədbirləri keçirilən qurumların rəhbərləri Hesablama Palatasının nümayəndələrinə zəruri olan sənədləri təqdim etməli, yoxlamaların keçirilməsi üçün şərait yaratmalıdırlar.
22.4. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Hesablama Palatasının vəzifəli şəxsləri yoxlanılan obyektlərin operativ fəaliyyətinə müdaxilə edə bilməzlər və gəldikləri nəticələri nəzarət tədbirləri başa çatana və yekunları hesabat şəklində rəsmiləşdirilənədək elan edə bilməzlər.
Maddə 23. Hesablama Palatası tərəfindən keçirilən maliyyə-büdcə ekspertizası ilə bağlı nəzarət tədbirlərinin nəticələrinin tərtib edilməsi və rəsmiləşdirilməsi
23.1. Maliyyə-büdcə ekspertizası ilə bağlı keçirilən nəzarət tədbirlərinin nəticələri aktlar, hesabatlar və rəylər formasında rəsmiləşdirilir.
23.2. Maliyyə-büdcə ekspertizası ilə bağlı keçirilən nəzarət tədbirlərinin nəticələrinə dair rəydə aşağıdakılar göstərilməlidir:
23.2.1. nəzarət tədbirlərinin keçirilməsinin əsası, məqsədi, predmeti və yoxlanılan qurumun (qurumların) adı;
23.2.2. öyrənilmiş sənədlərin siyahısı;
23.2.3. tərtib edilmiş aktların siyahısı;
23.2.4. alınması barədə müraciət edilmiş və təqdim edilməsindən imtina edilmiş sənədlərin siyahısı, yoxlamanın keçirilməsinə maneçilik törədilməsi halları və onların baş verməsində təqsirkar olan vəzifəli şəxslər;
23.2.5. yoxlanılan qurumun fəaliyyətində aşkar edilmiş maliyyə-büdcə qanunvericiliyinin pozulması halları (müvafiq qanunvericilk aktlarının pozulmuş müddəaları göstərilməklə), dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinə, habelə dövlət əmlakına dəymiş zərərin məbləği;
23.2.6. müvafiq qanunvericiliyin pozulmasına yol vermiş vəzifəli şəxslər.
23.3. Nəzarət tədbirinin nəticələri üzrə rəy həmin tədbirlərin keçirilməsində iştirak edən auditor (auditorlar) tərəfindən imzalanır və Hesablama Palatasının Sədrinə təqdim edilir.
23.4. Maliyyə-büdcə ekspertizası ilə bağlı nəzarət tədbirlərinin nəticələri barədə Hesablama Palatasının auditoru tərəfindən hesabat tərtib olunur. Həmin hesabatda yoxlamanın əsası, məqsədi, yoxlanılmış qurumlar və onların obyektlərinin adı, təhlil edilmiş və üzləşdirilmiş sənədlərin siyahısı, aşkar edilmiş pozuntular, barəsində müraciət edilmiş və alınmamış sənədlərin siyahısı, yoxlamanın predmetinə aid sahədə daxili nəzarətdə aşkar edilmiş nöqsanlar, yoxlamanın predmetinə aid olan sahədə hüquq tənzimlənməsində müəyyən edilmiş çatışmamazlıqlar, həmin sahəyə aid qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər, yoxlamanın nəticələri üzrə təklif olunan təqdimatların siyahısı, yoxlanılan obyektin vəzifəli şəxslərinin yoxlamanın nəticələrinə dair rəylə tanış olması və onların qeydləri və etirazları barədə qeydlər, həmin etirazlara və qeydlərə dair auditorun mövqeyi əks etdirilir. Hesablama Palatasına auditor tərəfindən təqdim edilən hesabata yoxlamanın nəticələrinin düzgünlüyünü təsdiq edən sənədlərin siyahısı və surətləri əlavə edilir. Keçirilmiş yoxlamanın nəticələri barədə hesabat yoxlamanı keçirən Hesablama Palatasının auditoru (auditorları) tərəfindən imzalanır və yoxlama üzrə rəy imzalandığı gündən beş iş günündən gec olmamaq şərti ilə Hesablama Palatasının Sədrinə təqdim edilir.
23.5. Zərurət yarandıqda, nəzarət tədbirinin nəticələri üzrə aşkar edilmiş pozuntuların aradan qaldırılması, qanuna zidd olan qərarların icrasının dayandırılması, dövlətə vurulmuş ziyanın ödənilməsi, vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə Hesablama Palatası nəzarət tədbirləri keçirilmiş qurumların rəhbərlərinə və müvafiq dövlət orqanlarına təqdimatlar göndərir.
23.6. Hesablama Palatasının keçirdiyi nəzarət tədbirlərinin nəticələrinə Hesablama Palatasının iclasında rəyin və hesabatın təqdim edilməsindən sonra on iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.
Maddə 24. Hesablama Palatası tərəfindən maliyyə-büdcə ekspertizası ilə bağlı nəzarət tədbirlərinin nəticələri üzrə qərarların qəbul edilməsi
24.1. Maliyyə-büdcə ekspertizası ilə bağlı nəzarət tədbirlərinin nəticələri barədə sənədlər (rəy, hesabat və digər sənədlər) və onlara aid bütün materiallar baxılmaq və müvafiq qərar qəbul etmək üçün Hesablama Palatasının Sədri tərəfindən Hesablama Palatasının iclasına təqdim olunur.
24.2. Hesablama Palatasının iclasında hesabata baxılmanın nəticələri üzrə aşağıdakı qərarlardan biri qəbul edilir:
24.2.1. hesabatın təsdiq edilməsi barədə;
24.2.2. hesabatın təsdiq edilməməsi barədə.
24.3. Hesablama Palatasında baxıldıqdan sonra müvafiq qərar Hesablama Palatasının Sədri tərəfindən imzalanır.
24.4. Hesablama Palatasının iclasında hesabata baxıldıqda yoxlanılan qurumların nümayəndələri Hesablama Palatasının iclasına dəvət olunur.
24.5. Hesablama Palatasının iclasında hesabatın təsdiq edilməməsi üçün aşağıdakılar əsas ola bilər:
24.5.1. hesabatın nəzarət tədbirinin məqsədinə və onun proqramında təsbit olunmuş digər tələblərə uyğunsuzluğu;
24.5.2. nəzarət tədbirlərinin tam həcmdə həyata keçirilməməsi;
24.5.3. təqdim edilmiş hesabatda təkliflərin olmaması və ya hazırlanmış təkliflərin keçirilmiş nəzarət tədbirinin nəticələrinə uyğun olmaması;
24.5.4. təqdim edilmiş hesabat və ona əlavə edilən sənədlərin Hesablama Palatasının Daxili Nizamnaməsinə, Azərbaycan Respublikasının qanunvericiliyinə, müvafiq standartlara uyğun olmaması.
24.6. Təqdim edilmiş hesabat Hesablama Palatasının iclasında təsdiq edilmədikdə, nəzarət tədbirinin keçirilməsinə görə məsul şəxslərə uyğunsuzluqların aradan qaldırılması üçün əlavə tədbirlərin keçirilməsi barədə tapşırıq verilir və bunun müddətləri müəyyən olunur.
24.7. Hesablama Palatasının iclasında hesabat təsdiq olunduqdan sonra bu Nizamnamənin 24.8-ci maddəsində müəyyən edilmiş hərəkətlər həyata keçirilir.
24.8. Hesabat təsdiq edildikdə yoxlama üzrə hesabatın təsdiq edilməsi barədə Hesablama Palatasının qərarı, rəylər, hesabatlar və nəzarət tədbirlərinin nəticələri üzrə təkliflər "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin birinci hissəsinə müvafiq olaraq maliyyə-büdcə ekspertizası keçirilməsi barədə sorğu ilə müraciət etmiş Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə və onun müvafiq daimi komissiyasına təqdim edilir.
24.9. Maliyyə-büdcə ekspertizası ilə bağlı nəzarət tədbirlərinin nəticələri aidiyyatı üzrə nəzarət tədbiri keçirilmiş müvafiq qurumların rəhbərlərinə çatdırılır.
Maddə 25. Hesablama Palatasının fəaliyyətində aşkarlıq
25.1. Hesablama Palatası mütəmadi olaraq öz fəaliyyəti barədə kütləvi informasiya vasitələrinə məlumatlar verir.
25.2. Hesablama Palatasının fəaliyyəti barədə məlumatlar verildikdə aşağıdakılar nəzərə alınır:
25.2.1.nəzarət tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Azərbaycan Respublikası Milli Məclisinə göndərildikdən sonra verilə bilər;
25.2.2. rəsmi məlumatların məzmunu və forması Hesablama Palatasının iclası tərəfindən müəyyən olunur;
25.2.3. məlumatlar Hesablama Palatasının Sədri, onun tapşırığı ilə Hesablama Palatasının Sədrinin müavini, auditorları və ya Hesablama Palatasının digər vəzifəli şəxsləri tərəfindən verilir;
25.2.4. Hesablama Palatası fəaliyyəti haqqında məlumatları verdikdə dövlət sirri və qanunla mühafizə olunan digər sirrlərin qorunması haqqında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə riayət olunur.
25.3. Hesablama Palatasının fəaliyyəti haqqında illik hesabatlar Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir və "Azərbaycan Respublikasının Milli Məclisinin Məlumatı"nda dərc olunur.
Maddə 26. Hesablama Palatasının Daxili Nizamnaməsinə riayət olunmasına nəzarət
Hesablama Palatasının Daxili Nizamnaməsinə riayət olunmasına Hesablama Palatasının rəhbərliyi nəzarət edir.