Azərbaycan Respublikasının Hesablama Palatası ilə
Rusiya Federasiyasının Hesablama Palatası arasında əməkdaşlıq haqqında
SAZİŞ

Bundan sonra "Tərəflər" adlanacaq Azərbaycan Respublikasının Hesablama Palatası və Rusiya Federasiyasının Hesablama Palatası

qarşılıqlı hörmət, etibar və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanaraq,

Ali Maliyyə Nəzarəti Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) və Ali Maliyyə Nəzarəti Orqanlarının Avropa Təşkilatının (EUROSAI) məqsəd və prinsiplərini əldə rəhbər tutaraq,

və dövlət maliyyə nəzarətinin səmərəliliyinin yüksəldilməsinə qarışılıqlı maraq və təşəbbüslərini ifadə edərək,

aşağıdakı razılığa gəlirlər:

Maddə 1

Tərəflər öz səlahiyyətləri çərçivəsində aşağıdakı əsas istiqamətlər üzrə əməkdaşlıq edirlər:

- dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyinə nəzarətin metodologiyasının işlənib hazırlanması sahəsində birgə iş;

- dövlət maliyyə nəzarətinin metodologiyasının təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsi;

- kadrların ixtisasının artırılması və peşəkar təlim;

- Tərəflərin fəaliyyəti haqqında məlumat-arayış materiallarının mübadiləsi;

- Tərəflər arasında razılaşdırılmış proqrama müvafiq olaraq paralel nəzarət tədbirlərinin həyata keçirilməsi. Nəzarət tədbirlərinin nəticələri Hesablama Palatasının sədrləri, yaxud onların səlahiyyətləndirdikləri rəsmi nümayəndələr tərəfindən müzakirə olunur.

Maddə 2

Tərəflər dövlət maliyyə nəzarəti sahəsində fikir və təcrübə mübadiləsi aparmaq məqsədi ilə iki ildə bir dəfədən az olmayaraq qarşılıqlı məsləhətləşmələr aparırlar.

Maddə 3

Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində öz fəaliyyət sahələrinə dair məlumat materialları və dövlət maliyyə nəzarəti sahəsində standartlar və metodoloji sənədlərin mübadiləsini həyata keçirirlər. Həmin materiallar, standartlar və metodoloji sənədlər Tərəflərin öz rəsmi dillərində, yaxud ingilis dilində tərtib edilir.

Maddə 4

Tərəflər öz əməkdaşlarının peşəkar bilik və vərdişlərinin təkmilləşdirilməsi məqsədilə qarışlıqlı razılaşma əsasında Azərbaycan Respublikasında və Rusiya Federasiyasında təşkil etdikləri beynəlxalq səciyyəli konfranslarda, seminarlarda, təcrübəkeçmələrdə və başqa tədbirlərdə iştirak etmək üçün digər tərəfin nümayəndə heyətini və ya ayrı-ayrı əməkdaşlarını dəvət edirlər.

Maddə 5

Bu Saziş çərçivəsində tədbirlərin həyata keçirilməsi zamanı Tərəflərdən hər biri Tərəflərin ilkin razılığı ilə hər hansı bir digər hal nəzərdə tutulmamışdırsa, nümayəndə heyətlərinin, yaxud ayrı-ayrı əməkdaşların ezamiyyəsi ilə bağlı xərcləri öz üzərinə götürürlər.

Maddə 6

Bu Sazişin həyata keçirilməsi məqsədilə Tərəflərdən hər biri öz konkret əməkdaşlıq proqramı və qrafikini işləyib hazırlayan və razılaşdıran müvafiq struktur bölmələrini, habelə onların iş qaydasını müəyyən edir.

Maddə 7

Tərəflər qarşılıqlı razılıq əsasında paralel keçirilən nəzarət tədbirlərinin nəticələrini bir-birinə təqdim edirlər. Keçirilmiş nəzarət tədbirlərinin nəticələri üzrə materialların dərc edilməsinə məhdudiyyətlər yalnız Azərbaycan Respublikasının qanunvericiliyi və Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən edilmiş, habelə nəzarət tədbirlərinin keçirilməsinidən öncə xüsusi olaraq razılaşdırılmış hallarda qoyula bilər.

Maddə 8

Mübadilə mövzusu olan və bu Sazişin 1, 3, 7-ci maddələrində göstərilən materiallar, standartlar və metodoloji sənədlər Tərəflərin yazılı razılığı olduqda dərc olunurlar.

Maddə 9

Bu Sazişin 10-cu maddəsinə uyğun olaraq qüvvəyə minən və onun ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı ilə Sazişə əlavə edilə bilər.

Maddə 10

Bu Saziş imzalandığı andan qüvvəyə minir və Tərəflərdən hər hansı biri onun fəaliyyətini dayandırmaq arzusunu ifadə etdiyi anadək qüvvədədir. Əgər Tərəflərdən biri bu Sazişin fəaliyyətinin dayandırılmasını zəruri hesab edərsə, o, bu barədə digər tərəfə yazılı şəkildə məlumat verməlidir. Həmin məlumat verildiyi andan bir ay müddət ötdükdən sonra bu Saziş öz fəaliyyətinin dayandırmış hesab edilir.

Bu Sazişin 29 oktyabr 2002-ci ildə Bakı şəhərində hər biri azərbaycan, rus və ingilis dillərində iki əsl nüsxədə tərtib edilmiş bütün mətnləri eyni hüquqi qüvvəyə malikdirlər. Mətnlərin şərhində fikir ayrılıqlarının yarandığı halda ingilis dilində olan mətndən istifadə ediləcək.

Azərbaycan Respublikasının Hesablama Palatası adından:
________________ N.N.Nəsrullayev
Azərbaycan Respublikası Hesablama Palatasının Sədri

Rusiya Federasiyasının Hesablama Palatası adından:
________________ S.V.Stepaşin
Rusiya Federasiyası Hesablama Palatasının Sədri