Azərbaycan Respublikasının Hesablama Palatası ilə
Gürcüstanın Nəzarət Palatası arasında əməkdaşlıq haqqında
SAZİŞ

Bundan sonra "Tərəflər" adlanacaq Azərbaycan Respublikasının Hesablama Palatası və Gürcüstanın Nəzarət Palatası qarşılıqlı hörmət, etibar, işbirliyi və əməkdaşlıq prinsiplərini rəhbər tutaraq;

Azərbaycan Respublikasının və Gürcüstanın təsərrüfat subyektləri arasındakı əlaqələrin genişlənməsini nəzərə alaraq;

Ali Maliyyə Nəzarəti Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) və Ali Maliyyə Nəzarəti Orqanlarının Avropa Təşkilatının (EUROSAI) məqsəd və prinsiplərini rəhbər tutaraq;

Hər iki ölkədə dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsinə və səmərəliliyinin yüksəldilməsinə, onun həyata keçirilməsinin qayda və üsullarının yaxşılaşdırılmasına qarşılıqlı maraq və təşəbbüslərini ifadə edərək;

öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərərək, aşağıdakı razılığa gəlirlər:

Maddə 1.

1. Tərəflər aşağıdakı əsas istiqamətlər üzrə əməkdaşlıq edirlər:

- sazişin iştirakçıları olan ölkələrin - dövlət maliyyə nəzarəti ali orqanlarının funksiyalarının həyata keçirilməsi təcrübəsinin öyrənilməsi;

- nəzarət-təftiş fəaliyyəti üzrə Tərəflərin informasiya-arayış materialları, o cümlədən bu məsələlər üzrə qanunların mətnləri, habelə iş təcrübəsi, standartlar, nəzarət-təftiş sahəsində metodoloji işlərin mübadiləsi;

- kadrların peşəkarlığı üzrə təlim və ixtisasının artırılması sahəsində qarşılıqlı işlər;

- Tərəflər arasında razılaşdırılmış Proqrama müvafiq olaraq birgə nəzarət-təftiş tədbirlərinin keçirilməsi. Nəzarət tədbirlərinin nəticələri Palataların sədrləri, yaxud onların səlahiyyətləndirdikləri rəsmi nümayəndələr tərəfindən müzakirə olunur.

2. Tərəflər öz səlahiyyətləri həddində əməkdaşlığı və onlar üçün maraq doğuran başqa istiqamətlər üzrə qarşılıqlı köməyi inkişaf etdirirlər.

Maddə 2.

Tərəflər, öz dövlətlərinin qanunvericiliyini rəhbər tutaraq, həmin Saziş üzrə alınan məlumatların məxfiliyini təmin edirlər.

Maddə 3.

Tərəflər arasında həmin Sazişin müddəalarının həyata keçirilməsi sahəsində əməkdaşlığın əlaqələndirilməsi Azərbaycan Respublikasının Hesablama Palatası Sədrinin müavininə və Gürcüstanın Nəzarət Palatası Sədrinin Birinci müavininə həvalə edilir.

Maddə 4.

Tərəflər, dövlət maliyyə nəzarəti təcrübəsinin öyrənilməsi, öz əməkdaşlarının peşəkar bilik və vərdişlərinin təkmilləşdirilməsi məqsədilə qarşılıqlı razılaşma əsasında Azərbaycan Respublikasında və Gürcüstanda təşkil etdikləri beynəlxalq xarakterli konfranslarda, seminarlarda, təcrübə keçmələrdə və başqa tədbirlərdə iştirak etmək üçün digər Tərəfin nümayəndə heyətini və ya ayrı-ayrı əməkdaşlarını dəvət edirlər.

Maddə 5.

Tərəflər, zəruri hallarda və qarşılıqlı razılaşmaya əsasən qarşılıqlı maraq doğuran məsələlər üzrə seminar, konfrans, simpozium və məsləhətləşmələr keçirirlər.

Maddə 6.

Bu Saziş çərçivəsində tədbirlərin həyata keçirilməsi zamanı Tərəflərdən hər biri Tərəflərin ilkin razılığı ilə hər hansı bir digər hal nəzərdə tutulmamışdırsa, özünün nümayəndə heyətlərinin, mütəxəssisləri və təcrübəkeçənlərinin ezamiyyəti ilə əlaqədar xərcləri öz üzərinə götürür.

Maddə 7.

Bu Sazişdə heç nə Tərəflərin digər ölkələrin dövlət maliyyə nəzarəti ali orqanları və müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrinə məhdudiyyət yaratmır.

Maddə 8.

Bu Sazişin 9-cu maddəsinə uyğun olaraq qüvvəyə minən və onun ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı ilə Sazişə əlavə edilə bilər.

Maddə 9.

Bu Saziş imzalandığı andan qüvvəyə minir və sonrakı 5 illik dövrlərdə qüvvədədir, sonra isə Tərəflərdən hər hansı biri onun fəaliyyətini dayandırmaq arzusunu ifadə etməzsə, hər dəfə avtomatik olaraq növbəti 5 illik dövrlərə uzadılır.

Əgər tərəflərdən biri bu Sazişin fəaliyyətinin dayandırılmasını zəruri hesab edərsə, o bu barədə digər Tərəfə yazılı şəkildə məlumat verməlidir. Həmin məlumat verildiyi andan bir ay müddət ötdükdən sonra bu Saziş öz fəaliyyətini dayandırmış hesab edilir.

Bu Sazişin 31 yanvar 2003-cü ildə Bakı şəhərində hər biri azərbaycan, gürcü və rus dillərində iki əsl nüsxədə tərtib edilmiş bütün mətnləri eyni hüquqi qüvvəyə malikdir. Mətnlərin şərhində fikir ayrılıqlarının yarandığı halda Tərəflər rus dilində olan mətnə müraciət edəcəklər.

Azərbaycan Respublikasının Hesablama Palatası adından:
________________ N.N.Nəsrullayev
Azərbaycan Respublikası Hesablama Palatasının Sədri

Gürcüstan Nəzarət Palatası adından:
________________ S.T.Molaşvili
Gürcüstan Nəzarət Palatasının sədri