"Hesablama Palatası haqqında"
Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Rcspublikasının qanunvericilik toplusu, 1999-cu il, N 8, maddə 480) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. Qanunun 1-ci maddəsinin 2-ci abzası aşağıdakı redaksiyada verilsin:
"Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır. Hesablama Palatası təşkilati və funksional müstəqilliyə malikdir.".

2. Qanunun 2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

"Maddə 2 . Hesablama Palatasının əsas funksiyaları

Hesablama Palatası aşağıdakı funksiyaları həyata keçirir:

dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə rəy verir;

dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir;

dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verir;

dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır və Milli Məclisə təqdim edir;

rübdə bir dəfə dövlət büdcəsinin gəlir və xərclərinin icrası haqqında Milli Məclisə məlumat verir;

dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirir;

Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları (təsisatları) ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizasını keçirir;

dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edir və Milli Məclisə məlumat verir;

dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasının Milli Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alır, təhlil edir və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verir;

aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquq pozuntuları barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;

digər dövlət nəzarət orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.".

3. Qanunun I fəslində 2-ci maddədən sonra aşağıdakı məzmunda 2-1-ci maddə əlavə edilsin:

"Maddə 2-1. Hesablama Palatasmın fəaliyyət dairəsi

Hesablama Palatası dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir".

4. Qanunun 6-cı maddəsinin birinci hissəsində "qanunçuluq" sözündən son-ra "sərbəstlik" sözü əlavə edilsin.

5. Qanunun II fəslində 13-cü maddədən sonra aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilsin:

"Maddə 13-1. Hesablama Palatasının təminatı

Dövlət Hesablama Palatasının təminatı üzrə zəruri tədbirləri həyata keçirir.

Hesablama Palatasının Sədrinin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.

Hesablama Palatasının Sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.

Hesablama Palatasının auditorunun aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi daimi komissiyası sədrinin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.

Hesablama Palatası Aparatının əməkdaşlarına Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşlarının vəzifə maaşlarına uyğun vəzifə maaşları, habelə müvafıq təminatlar verilir.".

6. Qanunun 16-cı maddəsinin üçüncü hissəsində "Dövlət büdcəsinin" sözlərindən sonra "və büdcədənkənar dövlət fondlarının (təsisatlarının)" sözləri əlavə edilsin.

7. Qanunun IV fəslində 19-cu maddədən sonra aşağıdakı məzmunda 19-1-ci
maddə əlavə edilsin:

"Maddə 19-1. Hesablama Palatasının üzvlərinin hüquqi statusuna zəmanətlər

Hesablama Palatasının Sədri, onun müavini və Hesablama Palatasının auditorları səlahiyyət müddəti ərzində onları Hesablama Palatasına vəzifəyə təyin etmiş Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan tutula, həbsə alına, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onlar barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

Hcsablama Palatasının Sədri, onun müavini və Hesablama Palatasının auditorlarına qarşı cinayət işi yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən qaldırıla bilər.

Dövlət tərəfindən Hesablaına Palatasının Sədri, onun müavini və auditorlarının peşəkar fəaliyyətinin sərbəstliyinə təminat verilir.".

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 7 dekabr 2001-ci il
N 232 - II QD