Bu Qanun Azərbaycan Respublikası Hesablama Palatasının (bundan sonra - Hesablama Palatası adlanacaq) statusunu, funksiyalarını, təşkilati strukturunu, fəaliyyət formalarını və prinsiplərini müəyyən edir.
Maddə 1. Azərbaycan Respublikası Hesablama Palatasının statusu
Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə əsasən Milli Məclis Hesablama Palatası yaradır. Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə nəzarəti orqanıdır.
Hesablama Palatasının üzvlərinə dair tələblər, onların tə'yin olunma qaydaları Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 44-cü maddəsi və "Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında" Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilir.
Hesablama Palatası hüquqi şəxsdir. Hesablama Palatasının Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və öz adı yazılmış möhürü vardır. Hesablama Palatası Bakı şəhərində yerləşir.
Maddə 2. Hesablama Palatasının əsas funksiyaları
Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət üzrə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinin həyata keçirilməsinə kömək etmək Hesablama Palatasının fəaliyyətinin əsasını təşkil edir. Bu məqsədlə Hesablama Palatası aşağıdakı funksiyaları həyata keçirir:
- dövlət büdcəsinin layihəsinə rə'y verir;
- dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihəsinə rə'y verir;
- büdcədən maliyyələşdirilmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir və Milli Məclisə mə'lumat verir;
- rübdə bir dəfə dövlət büdcəsinin gəlirlərinin və xərclərinin icrası haqqında Milli Məclisə mə'lumat verir;
- Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət büdcəsi ilə bağlı qanun layihələrinin, Azərbaycan Respublikasının Milli Məclisində təsdiq edilən Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin maliyyə ekspertizasını keçirir;
- dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edir və Milli Məclisə mə'lumat verir;
- Azərbaycan Respublikasının Milli Bankından və müvəkkil kredit təşkilatlarından dövlət büdcəsinin gəlir və xərclərinin bank hesablarında hərəkəti barədə mə'lumatlar alır, təhlil edir və təkliflər verir;
- Hesablama Palatası digər dövlət nəzarəti orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.
Maddə 3. Hesablama Palatası haqqında qanunvericilik
Hesablama Palatasının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Hesablama Palatasının Daxili Nizamnaməsi təşkil edir.
Maddə 4. Hesablama Palatasının Daxili Nizamnaməsi
Hesablama Palatası öz işinin təşkilini və tənzimlənməsini Daxili Nizamnamə əsasında həyata keçirir. Hesablama Palatası özünün Daxili Nizamnaməsini hazırlayır. Hesablama Palatasının Daxili Nizamnaməsi qanunla təsdiq edilir.
Maddə 5. Hesablama Palatasının üzvləri və onların səlahiyyət müddəti
Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Hesablama Palatası sədrinin, sədr müavininin və auditorlarının səlahiyyət müddəti 7 ildir.
Hesablama Palatasının üzvləri öz vəzifələrini bu Qanunda və Hesablama Palatasının Daxili Nizamnaməsində nəzərdə tutulduğu kimi yerinə yetirir, dövlətin, fiziki və hüquqi şəxslərin mənafeyini qoruyurlar.
Maddə 6. Hesablama Palatasının fəaliyyət prinsipləri
Hesablama Palatasının fəaliyyəti qanunçuluq, obyektivlik, kollegiyallıq, aşkarlıq və ədalətlilik prinsiplərinə əsaslanır. Hesablama Palatasının iclasları onun azı 5 üzvü iştirak etdikdə səlahiyyətlidir. Hesablama Palatasının hesabatları və rə'yləri onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
Səslər bərabər bölündükdə Hesablama Palatası sədrinin səsi həlledici qüvvəyə malikdir. Hesablama Palatası Milli Məclisin daimi komissiyaları ilə əlaqəli işləyir. Hesablama Palatasının dövlət büdcəsinin icrasına aid hazırlığı hesabatlara və rə'ylərə Milli məclisdə müzakirə edilənədək büdcə məsələləri komissiyasında baxılır.
Maddə 7. Hesablama Palatasının üzvlərinə dair əlavə tələblər
Hesablama Palatasının sədri, sədr müavini və auditorları başqa dövlətlər qarşısında öhdəlikləri olan, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər ola bilməzlər.
Hesablama Palatasının sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat və maliyyə sahələrində 5 ildən az olmayaraq iş təcrübəsinə malik olan ali təhsilli Azərbaycan Respublikası vətəndaşları ola bilərlər. Hesablama Palatasının sədri, sədr müavini və auditorları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla digər haqqı ödənilən fəaliyyətlə məşğul ola bilməzlər.
Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikası İqtisad məhkəməsinin sədri və Milli Bankın İdarə Hey'ətinin sədri ilə birbaşa qohumluq əlaqəsində ola bilməzlər.
Maddə 8. Hesablama Palatasının sədri
Hesablama Palatasının sədri Hesablama Palatasının fəaliyyətinə rəhbərlik edən və onun işini təşkil edən vəzifəli şəxsdir. Hesablama Palatasının sədri:
- Hesablama Palatasının iclaslarında sədrlik edir;
- Hesablama Palatasının Daxili Nizamnaməsinə uyğun olaraq Hesablama Palatasının sədr müavini və auditorları arasında iş bölgüsü aparır;
- Hesablama Palatasının səlahiyyətlərinə aid məsələlərin hazırlanması və baxılması ilə əlaqədar Hesablama Palatası auditorlarının işini təşkil edir;
- Azərbaycan Respublikasının Milli Məclisinə Hesablama Palatasının işi haqqında ildə iki dəfə (yaz sessiyasında - aprelin 15-dən gec olmayaraq və payız sessiyasında - oktyabrın 15-dən gec olmayaraq) hesabat verir;
- Hesablama Palatasının səlahiyyətlərinin icrası ilə bağlı əmrlər verir;
- Hesablama Palatasının Aparatına rəhbərlik edir;
- bu Qanunla və Hesablama Palatasının Daxili Nizamnaməsi ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
Maddə 9. Hesablama Palatası sədrinin müavini
Hesablama Palatası sədrinin müavini Hesablama Palatasının Daxili Nizamnaməsi ilə müəyyən olunmuş iş bölgüsü əsasında fəaliyyət göstərir. Hesablama Palatasının sədri olmadıqda və ya öz vəzifələrini icra edə bilmədikdə onu əvəz edir. Hesablama Palatası sədrinin müavini bu Qanuna və Hesablama Palatasının Daxili Nizamnaməsinə uyğun olaraq Hesablama Palatası sədrinin tapşırıqlarını yerinə yetirməlidir.
Maddə 10. Hesablama Palatasının auditorları
Hesablama Palatasının auditorları Hesablama Palatasının Daxili Nizamnaməsi ilə müəyyən olunmuş iş bölgüsü əsasında fəaliyyət göstərirlər. Hesablama Palatasının auditorları bu Qanuna və Hesablama Palatasının Daxili Nizamnaməsinə uyğun olaraq Hesablama Palatası sədrinin və onun müavininin tapşırıqlarını yerinə yetirməlidirlər.
Maddə 11. Hesablama Palatası üzvlərinin vaxtından əvvəl vəzifədən azad olunmaları
Hesablama Palatasının sədri, sədr müavini və auditorları aşağıdakı hallarda vaxtından əvvəl vəzifələrindən azad oluna bilərlər:
1) vəfat etdikdə;
2) vəzifədən azad olunmaq haqqında ərizə ilə müraciət etdikdə;
3) cinayət törətdikdə və barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda;
4) Hesablama Palatasının üzvlərinə dair bu Qanunun 7-ci maddəsində göstərilən tələbləri pozduqda;
5) dörd aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü haqqında Hesablama Palatasının təşkil etdiyi xüsusi həkim komissiyasının rə'yi olduqda;
6) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə;
7) məhkəmə tərəfindən ölmüş e'lan edildikdə və ya xəbərsiz itkin düşmüş e'lan edildikdə.
Bu maddənin 1-ci və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda Hesablama Palatasının sədrinin, sədr müavininin və auditorlarının vaxtından əvvəl vəzifələrindən azad olunmaları haqqında sərəncamı Azərbaycan Respublikası Milli Məclisinin sədri verir.
Bu maddənini 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı bəndlərində nəzərdə tutulmuş hallarda Hesablama Palatasının sədrinin, sədr müavininin və auditorlarının vaxtından əvvəl vəzifələrindən azad olunmaları haqqında qərarı "Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi qəbul edir.
Maddə 12. Hesablama Palatasının Aparatı
Hesablama Palatasının Aparatı Hesablama Palatasının fəaliyyətinin təşkilati, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat tə'minatını həyata keçirir. Hesablama Palatası Aparatının strukturu, fəaliyyət qaydaları və işçilərin sayı xərclər smetası hüququnda Hesablama Palatası tərəfindən müəyyən edilir. Hesablama Palatası Aparatının işçilərinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş ümumi qaydalarla tənzimlənir. Hesablama Palatasına müqavilə ilə işə cəlb olunanlar müqavilə şərtləri ilə fəaliyyət göstərirlər.
Maddə 13. Hesablama Palatasının xərclər smetası
Hesablama Palatasının xərcləri dövlət büdcəsindən maliyyələşdirilir. Hesablama Palatasının xərclər smetası Hesablama Palatasının təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisində ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir.
Maddə 14. Hesablama Palatasının iş planı
Hesablama Palatası fəaliyyətini özünün iş planı əsasında həyata keçirir. Hesablama Palatasının iş planının formalaşmasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyalarının sorğu və təklifləri nəzərə alınır. Hesablama Palatasının iş planı Hesablama Palatası tərəfindən təsdiq olunur.
Maddə 15. Hesablama Palatasının mə'lumat almaq səlahiyyəti
Azərbaycan Respublikasının bütün qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, mülkiyyət, təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, təşkilatlar, idarələr və onların vəzifəli şəxsləri Hesablama Palatasının müraciətləri əsasında bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərinin yerinə yetirilməsi üçün ona zəruri olan mə'lumatları bir ay müddətindən gec olmayaraq verməlidirlər.
Hesablama Palatasının rəsmi tələbi ilə bu maddənini birinci hissəsində göstərilən orqanların, müəssisələrin, təşkilat və idarələrin vəzifəli şəxsləri zəruri olan mə'lumat, yaxud sənədləri vaxtında təqdim etməmələrinə və ya bundan boyun qaçırmalarına, habelə yalan və ya dürüst olmayan mə'lumat təqdim etmələrinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məs'uliyyət daşıyırlar.
Maddə 16. Hesablama Palatasının maliyyə-büdcə ekspertizası keçirmək səlahiyyəti
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Milli Məclisi daimi komissiyalarının sorğuları əsasında Hesablama Palatasının maliyyə-büdcə ekspertizası keçirmək, rə'y hazırlamaq və təkliflər vermək səlahiyyəti vardır.
Hesablama Palatası sorğu daxil olduqdan 3 gün müddətində sorğuya baxır və onun icrası haqqında qərar qəbul edir. Hesablama Palatası dövlət büdcəsinin gəlirlərini və xərclərini təhlil edərkən zərurət yarandıqda müəssisə və təşkilatlarda audit apara bilər. Maliyyə-büdcə ekspertizası ilə bağlı yoxlamalar aparılması və onların əsasında hesabatlar tərtib və təqdim edilməsi qaydaları Hesablama Palatasının Daxili Nizamnaməsi ilə tənzimlənir.
Hesablama Palatasının rə'yi və hesabatı yalnız maliyyə-büdcə ekspertizasının nəticələrini əks etdirməlidir. Hesablama Palatasının apardığı maliyyə-büdcə ekspertizalarının nəticələri Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən hesabatlarda öz əksini tapır və yoxlanılmış orqanların, müəssisələrin idarələrin təşkilatların rəhbərlərinə çatdırılır.
Maliyyə-büdcə ekspertizası keçirilən zaman Hesablama Palatasının vəzifəli şəxsləri obyektlərin operativ fəaliyyətinə müdaxilə edə bilməzlər və gəldikləri nəticələri yoxlama başa çatana və yekunları hesabat şəklində rəsmiləşdirilənədək e'lan edə bilməzlər. Hesablama Palatası Aparatının vəzifəli şəxsləri və onun işinə cəlb edilmiş mütəxəssislər maliyyə-büdcə ekspertizası gedişində əldə edilən mə'lumatlardan yalnız Hesablama Palatasının tapşırığı ilə işlərin yerinə yetirilməsi zamanı istifadə edə bilərlər.
Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin tapşırığı olmadan Hesablama Palatasının iş planından əlavə maliyyə-büdcə ekspertizası aparması qadağandır. Sessiyalararası dövrdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Hesablama Palatasına iş planından əlavə yoxlama aparılması haqqında tapşırıq verə bilər.
Maddə 17. Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının Hesablama Palatasının fəaliyyətinə yardım etmələri
Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları bu Qanunla Hesablama Palatasına verilmiş səlahiyyətlərin həyata keçirilməsinə kömək etməlidirlər. Hesablama Palatası öz səlahiyyətlərini həyata keçirərkən qarşılıqlı razılıq əsasında dövlət hakimiyyəti orqanlarının nümayəndələrini, habelə müqavilə əsasında müstəqil auditorları, ayrı-ayrı mütəxəssisləri cəlb edə bilər.
Maddə 18. Hesablama Palatası üzvlərinin məsuliyyəti
Hesablama Palatasının üzvləri bu Qanunla və Hesablama Palatasının Daxili Nizamnaməsi ilə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə və ya iş planında müəyyən olunduğu kimi yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə və Hesablama Palatasının Daxili Nizamnaməsinə müvafiq məs'uliyyət daşıyırlar.
Maddə 19. Hesablama Palatasının fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi
Hesablama Palatasınını fəaliyyətinə qanuna zidd müdaxilə etmək yolverilməzdir. Hesablama Palatasının sədrinin, sədr müavininin və auditorlarının, habelə Hesablama Palatası Aparatının vəzifəli şəxslərinin xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar onlara mane olmaq, təzyiq göstərmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məs'uliyyətə səbəb olur.
Maddə 20. Beynəlxalq əlaqələr
Hesablama Palatası xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən orqanlarla və onların beynəlxalq təşkilatları ilə əlaqə saxlayır, onlarla əməkdaşlıq edir.
Maddə 21. Hesablama Palatasının fəaliyyəti barədə mə'lumatların verilməsi
Hesablama Palatası öz fəaliyyəti barədə müntəzəm olaraq kütləvi informasiya vasitələrinə mə'lumat verir. Hesablama Palatasının fəaliyyəti barədə hesabatlar Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir və "Azərbaycan Respublikası Milli Məclisinin Mə'lumatı"nda dərc olunur.
Maddə 22. Hesablama Palatasının fəaliyyətə başlaması
İlk dəfə təşkil edilən Hesablama Palatası onun sədrinin, sədr müavininin və azı 4 auditorunun vəzifəyə tə'yin edildiyi gündən fəaliyyətə başlayır.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
2 iyul 1999-cu il
N 700-1Q