Azərbaycan Respublikası Hesablama Palatasının nəzarət fəaliyyəti
Azərbaycan Respublikası Hesablama Palatasının funksiyalarına əsasən həyata keçirilən dövlət maliyyə-büdcə nəzarətinin əsas istiqamətlərinə uyğun olaraq auditin aşağıdakı növlərinin aparılması nəzərdə tutulmuşdur:
Maliyyə-büdcə nəzarəti ilə əlaqədar aparılan audit. Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə aparılan əməliyyatların sənədli və faktiki yoxlanılması, onların nəticələrinin mühasibat uçotunda və maliyyə hesabatlarında düzgün əks etdirilməsinə, dövlət əmlakının idarə edilməsindən, onun barəsində sərəncam verilməsindən və özəlləşdirilməsindən əldə edilən vəsaitlərin büdcəyə daxil olmasının təmin edilməsinə nəzarətin yerinə yetirilməsi məqsədilə aparılır.
Hesablama Palatasının ekspert-analitik fəaliyyəti ilə əlaqədar aparılan audit. Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və onların icrası barədə illik hesabatlara, Dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş Dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasına, Dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq edilmiş Dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğuna, Dövlət büdcəsinin vəsaitlərinin bank hesablarında hərəkətinə dair Azərbaycan Respublikası Hesablama Palatasının rəyləri, məlumatları və təkliflərinin hazırlanması məqsədi ilə aparılır.
Beynəlxalq müqavilələrin maliyyə ekspertizası ilə əlaqədar aparılan audit. Milli Məclis tərəfindən təsdiq edilən beynəlxalq müqavilələrin səmərəliyinin və gözlənilən maliyyə nəticələrinin, müvafiq müqavilə öhdəliklərinin qüvvədə olan qanunvericiliyə və aidiyyatı normativ aktlara uyğunluğunun müəyyən edilməsi məqsədi ilə Milli Məclisin və onun daimi komissiyalarının tapşırığına əsasən aparılır.
Maliyyə-büdcə ekspertizası çərçivəsində aparılan audit. Nəzarət obyektlərində maliyyə (mühasibat) uçotu hesablarının, ödəniş-hesablaşma və digər ilkin uçot sənədlərinin Hesablama Palatasının funksiyaları və fəaliyyət dairəsinə aid edilən məsələlər baxımından yoxlanılmasını nəzərdə tutur. Mahiyyət etibarı ilə, bu Hesablama Palatası tərəfindən müvafiq orqanlardan alınan sorğu, tapşırıq və təkliflərə uyğun olaraq keçirilən maliyyə-təsərrüfat fəaliyyətinin təftişidir.
"Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci və 22-ci maddələrinə uyğun olaraq, hal-hazırda Hesablama Palatası Dövlət büdcəsinin gəlirlərinin və xərclərinin ali auditinin aparılması ilə bağlı müxtəlif istiqamətlərdə keçiriləcək nəzarət tədbirlərinin proqrammlarını hazırlayır.
|