07.06.2010

4 iyun 2010-cu il tarixində Belarus Respublikasının Dövlət Nəzarət Komitəsinin Sədri Z.K.Lomat Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlari ilə görüşmüşdür.

Qonaq Palata və onun fəaliyyəti ilə yaxından tanış olduqdan sonra Palatanın üzvləri və struktur bölmə rəhbərləri ilə görüş keçirilmişdir.
  
Görüşü Azərbaycan Respublikası Hesablama Palatasının sədri H.Əsədov açaraq qonağı öz adından və Palatanın kollektivi adından hərarətlə salamlamış, bir gün əvvəl rəsmi imzalanmış “Azərbaycan Respublikası Hesablama Palatası və Belarus Respublikasının Dövlət Nəzarət Komitəsi arasında əməkdaşlıq haqqında Saziş”in hər iki ölkənin Ali Maliyyə Nəzarəti Orqanının işgüzar əlaqələrinin daha da güclənməsinə, birgə və ya paralel nəzarət tədbirlərinin, birgə təlimlərin, seminarların və kadr hazırlığının həyata keçirilməsinə və s. kömək edəcəyinə, həmçinin ölkələrarası qarşılıqlı işgüzar iqtisadi əlaqələrin daha da genişlənməsinə və şəffaflığının təmin edilməsinə yeni təkan verəcəyinə əmin olduğunu bildirmişdir.

Belarus Respublikasının Dövlət Nəzarət Komitəsinin Sədri Z.Lomat səmimi qarşılanmaya və qonaqpərvərliyə görə Palata rəhbərliyinə minnətdarlığını bildirmiş, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin böyük əhəmiyyətini qeyd etmiş, Dövlət Nəzarət Komitəsinin fəaliyyətini tənzimləyən qanunvericilikdə baş vermiş dəyişikliklər, Komitənin təşkilati strukturu, vəzifə və səlahiyyətləri, fəaliyyət xüsusiyyətləri barədə ətraflı məlumat vermiş,  Hesablama Palatası ilə imzalanan Sazişin hər iki ölkənin Ali Maliyyə Nəzarəti Orqanının bütün sahələrdə əməkdaşlığının inkişafına mühüm təsir göstərəcəyinə əminliyini bildirmişdir.

Görüşün sonunda Azərbaycan Respublikası Hesablama Palatasının sədri H.Əsədov qonağa geniş və maraqlı çıxış üçün təşəkkürünü bildirmişdir.

Hər iki ölkənin Ali Maliyyə Nəzarəti Orqanının rəhbərinə rəmzi hədiyyələr təqdim edilmişdir.