Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının
(təsisatlarının) büdcələri haqqında AR-nın qanun
layihələrinə AR Hesablama Palatasının rəyinin hazırlanması,
baxılması və təsdiq olunm
AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA PALATASI
Azərbaycan Respublikası Hesablama Palatası Kollegiyasının 18 iyun 2009-cu il tarixli Q-42 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Bakı-2009
Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının)
büdcələri haqqında Azərbaycan Respublikasının qanun layihələrinə Azərbaycan Respublikası Hesablama Palatasının
rəyinin hazırlanması, baxılması və təsdiq olunması
Q A Y D A L A R I
I. Ümumi müddəalar
1.1. “Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri haqqında Azərbaycan Respublikasının qanun layihələrinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyinin hazırlanması, baxılması və təsdiq olunması Qaydaları” (bundan sonra Qaydalar) “Hesablama Palatası haqqında” və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunlarının və Azərbaycan Respublikasının 2002-ci il 05 mart tarixli 269-II Q saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi”nin, digər qanunvericilik aktlarının və Azərbaycan Respublikası Hesablama Palatasının (bundan sonra Palata) normativ-metodiki sənədlərinin tələblərinə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri haqqında Azərbaycan Respublikasının qanun layihələrinə Palatanın rəyinin (bundan sonra Rəy) strukturunu, məzmununu, onun hazırlanması və rəsmiləşdirilməsi zamanı struktur bölmələri tərəfindən məlumat bazasından, “Büdcə zərfi”ndən və digər sənədlərdən istifadə edilməsi üzrə ümumi tələblərin müəyyən olunmasını əhatə edir. Qaydaların əsas məqsədi Rəyin hazırlanmasında istifadə edilən prosedur və yanaşmalarda vahid metodologiyanın tətbiqini təmin etməkdir.
II. Rəyin strukturu
2.1. Rəy ortamüddətli perspektivə sosial-iqtisadi inkişaf konsepsiyasını, “Büdcə zərfi”ndə və müvafiq qanun layihəsində nəzərdə tutulmuş növbəti ilin dövlət büdcəsinin gəlir və xərc parametrləri üzrə proqnoz səviyyələrinin müfəssəl təhlilini, büdcə vasitəsilə reallaşdırılacaq iqtisadi inkişafın istiqamətlərini, proqnozlaşdırma zamanı istifadə olunan yanaşmaları əhatə etməklə və aşağıdakı bölmələrdən ibarət olmaqla tərtib edilir:
2.1.1. Dövlət büdcəsi üzrə:
2.1.1.1. Ümumi müddəalar;
2.1.1.2. Müvafiq ilin dövlət büdcəsi layihəsinin əsas parametrlərini şərtləndirən makroiqtisadi şərait;
2.1.1.3. Dövlət büdcəsinin gəlirləri;
2.1.1.4. Dövlət büdcəsinin xərcləri;
2.1.1.5. Dövlət borcunun və büdcə kəsirinin maliyyələşdirilməsi.
2.1.2. Büdcədənkənar dövlət fondları (təsisatları) üzrə:
2.1.2.1. Ümumi müddəalar;
2.1.2.2. Büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlirləri;
2.1.2.3. Büdcədənkənar dövlət fondlarının (təsisatlarının) xərcləri.
2.2. Təqdim edilmiş dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri haqqında Azərbaycan Respublikasının qanun layihələrinin strukturuna uyğun olaraq Rəyin tərkibinə digər bölmələr də daxil edilə bilər.
2.3. Dövlət büdcəsinin layihəsi üzrə Rəyin “Ümumi müddəalar” və “Müvafiq ilin dövlət büdcəsi layihəsinin əsas parametrlərini şərtləndirən makroiqtisadi şərait” bölmələri Palatanın üzvləri və aidiyyəti struktur bölmələri, “Dövlət büdcəsinin gəlirləri”, “Dövlət büdcəsinin xərcləri” və “Dövlət borcunun və büdcə kəsirinin maliyyələşdirilməsi” bölmələri isə aidiyyəti Auditorlar və struktur bölmələri tərəfindən hazırlanır.
Büdcədənkənar dövlət fondları (təsisatları) üzrə Rəyin “Ümumi müddəalar”, “Büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlirləri” və “Büdcədənkənar dövlət fondlarının (təsisatlarının) xərcləri” bölmələri aidiyyəti Auditorlar və struktur bölmələri tərəfindən hazırlanır.
III. Rəyin hazırlanması üçün istifadə olunan məlumat mənbələri
3.1. Rəyin hazırlanması üçün aşağıdakı məlumat mənbələrindən istifadə olunur:
- Azərbaycan Respublikasının müvafiq büdcə ili və gələn 3 il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası;
- müvafiq büdcə ili üçün “Büdcə zərfi”;
- dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri haqqında müvafiq qanun layihələri;
- Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, vergi ödəyiciləri olan təşkilat və müəssisələrin büdcənin mədaxilinin formalaşdırılması üçün təqdim etdikləri büdcə təklifləri və əsaslandırma materialları, habelə hesabat məlumatları;
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təqdim olunan dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin gəlir və xərclərinin funksional və iqtisadi təsnifatın paraqrafları üzrə büdcə təklifləri və digər məlumatlar;
- büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri barədə növbəti il üzrə büdcə təklifləri və əsaslandırma materialları, habelə hesabat məlumatları;
- Azərbaycan Respublikası Statistika Komitəsinin aylıq, rüblük və illik bülletenləri və digər rəsmi nəşrləri;
- dövlət büdcəsi vəsaitlərindən istifadə edən dövlət idarələrinin, müəssisələrinin, təşkilatlarının və digər orqanların büdcə təklifləri üzrə sifariş və digər əsaslandırma materialları, habelə hesabat məlumatları;
- “Büdcə sistemi haqqında”, “Dövlət satınalmaları haqqında”, “Dövlət borcu haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunları, son illər üçün qəbul edilmiş dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Vergi, Gömrük və Mülki Məcəllələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə təsdiq edilmiş layihələr və proqramlar, onların maliyyələşdirilməsi üzrə müvafiq kredit sazişləri, dövlət büdcəsinin formalaşdırılması üçün əsas olan və dövlət büdcəsinin xərclərini tənzimləyən digər normativ-hüquqi aktlar;
- Palatanın həyata keçirdiyi maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri;
- digər rəsmi mənbələr.
IV. Rəyin hazırlanmasına göstərilən tələblər və təhlil metodikası
4.1. Rəyin tərtibi zamanı, ilk növbədə, aşağıdakı məsələlərə diqqət yetirilməlidir:
- dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri haqqında müvafiq qanun layihələrinin və “Büdcə zərfi”nə daxil edilmiş sənədlərin mövcud qanunvericiliyin tələblərinə uyğunluğuna;
- büdcə layihələrində büdcə sisteminin vahidliyi və tarazlığı prinsiplərinin gözlənilməsinə;
- dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcə layihələrinin göstəricilərinin tamlığına;
- büdcə sisteminin səviyyələri üzrə gəlir, xərc və büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrinin müvafiq qaydada əks etdirilməsinə;
- büdcə təxsisatlarının ünvanlılığının təmin olunmasına;
- büdcənin gəlirləri, xərcləri, habelə dövlət investisiya proqramı üzrə proqnozlaşdırma işlərinin keyfiyyətinə, borclanma mexanizmlərinin və büdcələrarası münasibətlərin təşkilinə;
- büdcə layihələrini xarakterizə edən əsas göstəricilərin ortamüddətli perspektivə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin prioritetləri və makroiqtisadi göstəricilər ilə uzlaşmasına;
- büdcə layihəsinin əsaslandırılması üçün həyata keçirilən hesablamaların mövcud normativlərə və istifadə edilən metodiki sənədlərə uyğunluğuna;
- əvvəlki illərin (ən azı iki ilin) müvafiq proqnoz və ya icra göstəricilərinin növbəti ilin büdcə layihəsində nəzərdə tutulan göstəricilərlə qarşılıqlı müqayisəsinə.
4.2. Rəy tərtib edilərkən aşağıdakı tələblər gözlənilməlidir:
- aparılan təhlillərin, müvafiq təklif və tövsiyələrin “Büdcə zərfi” və ona əlavə edilən sənədlər, Palatanın məlumat bazası, büdcə prosesi iştirakçılarının məlumatları, büdcə vəsaitlərini idarə və istifadə edən qurumların büdcə təklifləri, habelə Palata tərəfindən həyata keçirilən maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri ilə əsaslandırılması;
- ortamüddətli perspektiv üçün müəyyən edilmiş ölkənin makroiqtisadi inkişaf göstəricilərinin növbəti büdcə ilinə nəzərdə tutulan büdcə-vergi və pul-kredit siyasətinin əsas istiqamətləri ilə uzlaşması;
- ölkənin strateji inkişaf istiqamətlərinin, onları özündə əks etdirən məqsəd və prioritetlərin dövlət büdcəsinin gəlir və xərclərində nəzərə alınması;
- büdcənin gəlir və xərc parametrlərinin rəsmi statistik hesabat və məlumatları ilə uyğunluğu;
- ölkənin toplu maliyyə balansının büdcənin gəlir və xərc hissəsi ilə uyğunluğu;
- büdcənin proqramlılıq səviyyəsi və əhatəliliyi, nəzərdə tutulan proqramların sahəvi prioritetlərə və ölkənin inkişaf istiqamətlərinə uyğunluğu, ayrılmış vəsaitlərin proqram məqsədlərinin əldə olunması üçün yaratdığı imkan;
- dövlət büdcəsi xərclərində nəzərdə tutulan sahəvi inkişaf meylləri;
- dövlət borclanma həcminin və onun tətbiq mexanizminin ümumi iqtisadi aktivliyə təsiri və s.
4.3. Həyata keçirilən təhlil, araşdırma, əsaslandırma və qiymətləndirmələr rəsmi məlumatlarla uyğunluq təşkil etməklə obyektiv və qərəzsiz olmalı, əldə edilmiş nəticə və təkliflər əsaslandırılmalıdır.
4.4. Aparılmış təhlillər faktların sadalanmasına və ya ardıcıl qeyd olunmasına deyil, ayrı-ayrı halların, meyllərin, boşluqların baş vermə və ya yaranma səbəblərinin, onlara təsir edən amillərin araşdırılmasına, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün həyata keçirilməli olan tədbirlərin müəyyənləşdirilməsinə yönəldilməlidir.
4.5. Rəy hazırlanarkən təhlillərin aparılmasında, nəticə və təkliflərin əsaslandırılmasında müxtəlif metod və yanaşmalardan, mexanizm və alətlərdən, o cümlədən kompleks və sistemli yanaşmalardan, proqram-məqsədli, iqtisadi-riyazi və statistik metodlardan, faktor təhlilindən, beynəlxalq təcrübədə geniş tətbiq edilən digər vasitələrdən istifadə edilə bilər.
4.6. Rəylər məntiqli, aydın və lakonik olmalı, büdcə layihələrində nəzərdə tutulan vəsaitlərin həcminə, ilk növbədə, müvafiq icra hakimiyyəti orqanına və digər baş kredit sərəncamçılarına qanunvericiliklə həvalə edilmiş funksiya və vəzifələrin səmərəli icrasını təmin etmə baxımından yanaşılmalıdır.
4.7. Təhlillər həyata keçirilərkən göstəricilər üzrə dinamikanın dəyişməsi əvvəlcə mütləq (adətən min manatla), sonra isə nisbi ifadədə (faizlə) göstərilməlidir.
4.8. Rəyin hazırlanması üçün müxtəlif cədvəllərdən, sxemlərdən, qrafiklərdən, histoqramlardan, diaqramlardan (nöqtəvi, dairəvi, sahəvi və s.) və digər vasitələrdən istifadə edilməlidir.
4.9. Rəyin tərtibi zamanı həyata keçirilən təhlil prosesində aşağıdakılar təhlil edilməlidir:
4.9.1. Dövlət büdcəsi layihəsinin əsas parametrlərini şərtləndirən makroiqtisadi şərait üzrə:
- ortamüddətli perspektivə ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası, onun əsas istiqamətləri və prioritetləri;
- ölkənin iqtisadi potensialını xarakterizə edən Ümumi Daxili Məhsulun (ÜDM) səviyyəsinə və artım tempinə təsir edən amillərin təsiri;
- makroiqtisadi şəraiti xarakterizə edən əsas göstəricilərin (o cümlədən, ÜDM-in nəzərdə tutulan həcmi, dinamikası, strukturu və sahələr üzrə bölgüsü, ÜDM-in ümumi və iqtisadi fəaliyyətin əsas növləri üzrə deflyator indeksi, istehlak qiymətləri indeksi, pərakəndə əmtəə və xarici ticarət dövriyyəsi, ÜDM-in həcminə və büdcənin gəlir bazasına təsir edən digər göstəricilər) dinamikası;
- ölkənin sosial-iqtisadi inkişafının proqnozla müəyyən edilən əsas göstəricilərinin dinamikası;
- dövlət büdcəsinin gəlir və xərc göstəricilərinin ÜDM-lə müqayisəsi;
- dövlət büdcəsi xərclərinin funksional təsnifatın bölmələri səviyyəsində ÜDM və dövlət büdcəsinin ümumi xərclərində xüsusi çəkilərinin dinamikası;
- funksional və iqtisadi təsnifatın bölmələri üzrə dövlət büdcəsinin proqnozunda xərclərin strukturu və dinamikası;
- müdafiə olunan xərclərin xarakteristikası;
- yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan dotasiya məbləğlərinin regionlar üzrə strukturu;
- dövlət büdcəsinin tərkibində cari, əsaslı, kreditlərin qaytarılması və faiz ödənişləri ilə bağlı xərclərin ümumi xarakteristikası;
- icmal büdcənin strukturu və xarakteristikası;
- makroiqtisadi şərait üzrə digər təhlillər.
4.9.2. Dövlət büdcəsinin gəlirləri üzrə:
- büdcə layihəsinin gəlir maddələrinin formalaşmasına təsir edəcək və qanunvericilik aktlarında aparılacaq dəyişikliklərin nəzərə alınması;
- xarici və daxili iqtisadi konyukturanın büdcə gəlirlərinin proqnoz göstəricilərinin müəyyənləşdirilməsində nəzərə alınması;
- dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkilərinin dinamikası və müqayisəli təhlili;
- dövlət büdcəsi haqqında müvafiq qanun layihəsində gəlirlər üzrə nəzərdə tutulan maddələrin müfəssəl xarakteristikası;
- vergi və qeyri-vergi daxilolmalarının ümumi büdcə gəlirlərində xüsusi çəkilərinin dinamikası və strukturu, onlara təsir edən amillərin xarakteristikası;
- vergi daxilolmaları üzrə vergitutma bazasının formalaşması;
- digər gəlirlərin, o cümlədən idxal və ixrac, gömrük, dövlət rüsumlarının, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların yığım səviyyəsinin, dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, dividendlərin və s. xarakteristikası;
- dövlət büdcəsinin gəlirlərinin formalaşmasını tənzimləyən qanunvericilik aktlarının və normativ sənədlərin tələblərinin gözlənilməsi;
- proqnoz göstəricilərinin əvvəlki illərin müvafiq göstəriciləri ilə müqayisəsi;
- vergi növləri üzrə büdcə gəlirləri proqnozlarının əvvəlki illərlə müqaisəsi (o cümlədən, mülkiyyət növləri və iri vergi ödəyiciləri üzrə);
- mərkəzləşdirilmiş və yerli gəlirlərin nisbəti və ona təsir edən amillərin xarakteristikası;
- dövlət büdcəsinə gəlirlərin yığılmasını təmin edən orqanlar üzrə proqnozların təhlili;
- dövlət büdcəsinə olan borcların strukturu və dinamikası;
- dövlət büdcəsinin vergi olmayan digər gəlirləri üzrə proqnozların müqayisəli təhlili;
- proqnoz göstəricilərinin Palatanın keçirdiyi maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri ilə əlaqələndirilməsi;
- dövlət büdcəsinin gəlirləri üzrə digər təhlillər.
4.9.3. Dövlət büdcəsinin xərcləri üzrə:
- dövlət büdcəsinin xərcləri üzrə ümumi göstəricilərin ortamüddətli perspektivə ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası ilə əlaqəsi;
- dövlət büdcəsinin layihəsindəki xərclərin həcmi və dinamikası, müvafiq inkişaf meylləri, xərc göstəricilərinin əvvəlki illərin müvafiq göstəriciləri ilə funksional (“Müdafiə xərcləri” bölməsi istisna olmaqla) və iqtisadi təsnifatın bölmə, köməkçi bölmə və zərurət yarandıqda paraqrafları səviyyəsində müqayisəsi;
- büdcə xərcləri üzrə proqnozların tərtibi zamanı müvafiq qanunvericilik aktlarının və normativ sənədlərin tələblərinin nəzərə alınması;
- regional və sahə dövlət proqramlarının maliyyə təminatı;
- ayrı-ayrı xərc istiqamətləri üzrə mərkəzləşdirilmiş və yerli xərclərin nisbəti, onun büdcə xərcləri üzrə müəyyən edilmiş ümumi hədəflərlə müqayisəsi;
- baş kredit sərəncamçılarının büdcə təklifləri və onların nəzərdə tutulan proqnoz məbləğləri ilə müqayisəli təhlili;
- xərclərin proqramlılıq səviyyəsi və büdcənin proqramlar üzrə maliyyələşdirilmə mexanizminə keçilməsi imkanlarının mümkünlüyü;
- ayrı-ayrı illər üzrə Dövlət Proqramlarının icrasının əlaqələndirilməsi;
- aşkar edilmiş kənarlaşmaların səbəblərinin müəyyənləşdirilməsi;
- dövlət büdcəsinin xərclər proqnozunda nəzərdə tutulan subsidiya və subvensiyaların təhlili;
- məqsədli büdcə və ehtiyat fondları, həmçinin iqtisadi fəaliyyət və əsas bölmələrə aid edilməyən xidmətlər üçün nəzərdə tutulan vəsaitlərin xarakteristikası;
- büdcə layihəsindəki xərc proqnozlarının Palatanın həyata keçirdiyi maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri ilə əlaqələndirilməsi;
- dövlət büdcəsinin xərcləri üzrə digər təhlillər.
4.9.4. Dövlət borcunun və büdcə kəsirinin maliyyələşdirilməsi üzrə:
- dövlət borcuna xidmətlə bağlı proqnozlaşdırılan ödənişlərin tərkibi, strukturu və dinamikası;
- daxili və xarici dövlət borcunun borclanma mənbəyi və təyinatı üzrə strukturu və dinamikası;
- xarici dövlət borcunun valyutalar üzrə tərkibi və dinamikası;
- daxili və xarici dövlət borclanma limitinin yuxarı həddinin dinamikası;
- dövlət büdcəsi kəsirinin maliyyələşdirilmə mənbələrinin tərkibi və dinamikası;
- dövlət büdcəsi kəsirinin yuxarı həddinin təhlili;
- dövlət borcunun və büdcə kəsirinin maliyyələşdirilməsi üzrə digər təhlillər.
4.9.5. Büdcədənkənar dövlət fondları (təsisatları) üzrə:
- ölkə üzrə minimum pensiya və yaşayış minimumu göstəricilərinin müqayisəsi;
- büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcə layihələrində nəzərdə tutulan gəlir və xərclərin ÜDM və icmal büdcənin gəlir və xərclərində xüsusi çəkilərinin əvvəlki illərlə müqayisəsi;
- məcburi dövlət sosial sığorta haqlarının və sair gəlirlərin dinamikası və xarakteristikası;
- dövlət büdcəsindən ayırmaların (transfertlərin) həcmi və ona təsir edən amillər;
- büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri üzrə xərclərin strukturu və dinamikası;
- büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrində əhaliyə ödənişlər üzrə nəzərdə tutulan xərclərin təhlili;
- büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri üzrə proqnoz göstəricilərinin Palatanın həyata keçirdiyi maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri ilə əlaqələndirilməsi;
- büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri üzrə digər təhlillər.
V. Rəyin tərtibi, baxılması və təsdiq olunması
5.1. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən rəy verilmək üçün göndərilmiş dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri haqqında Azərbaycan Respublikasının qanun layihələri və “Büdcə zərfi” Hesablama Palatasına daxil olduqda, bu sənədlər Palatanın müvafiq struktur bölməsi tərəfindən qeydiyyata alınır və aidiyyəti struktur bölməsinə təqdim edilir. Həmin struktur bölmə Rəyin hazırlanması üçün aidiyyəti sənədlərin dərhal Auditorlara və müvafiq struktur bölmələrinə verilməsini təmin edir.
5.2. Rəyin tərtibi zamanı Palata tərəfindən təsdiq edilmiş müvafiq qaydaların tələblərinə riayət olunur.
5.3. Rəydə məbləğlər min manatla göstərilir, cədvəllər Excel proqramında Times New Roman şrifti ilə simvolların ölçüsü 10 olmaqla tərtib edilir.
5.4. Rəydə istifadə olunan qrafiki təsvirlər Excel proqramında və ayrıca səhifədə tərtib edilir. Tərtib edilmiş qrafiklər mətnlərə sadə obyekt kimi deyil, Excel proqramına keçidi olan təsvirlər kimi əlavə olunur. Qrafiklərin adı təsvirin içərisində başlıq kimi göstərilir.
5.5. Müvafiq fəaliyyət istiqamətləri üzrə Palata üzvü və struktur bölmələri tərəfindən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri haqqında Azərbaycan Respublikasının qanun layihələrinə Rəyin layihəsi Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsinin 16.1-ci maddəsinin tələblərinə müvafiq olaraq Palata Sədrinin tapşırığı ilə müəyyən edilmiş müddətdə hazırlanır. Rəyin layihəsi müvafiq qaydada imzalanır və aidiyyəti Palata üzvü tərəfindən Təhriri məruzə ilə müəyyən olunmuş qaydada Palatanın Sədrinə təqdim olunur.
5.6. Palatanın Sədri tərəfindən verilən müvafiq göstərişə əsasən Rəy layihələri icmallaşdırılmaq üçün aidiyyəti struktur bölməsinə verilir. Həmin struktur bölmə tərəfindən daxil olmuş Rəy layihələri Sədr müavininin rəhbərliyi ilə icmallaşdırılır və Palata üzrə yekun Rəyin layihəsi hazırlanır. İcmallaşdırılmış yekun Rəyin layihəsi Təhriri məruzə ilə müvafiq qaydada Palatanın Sədrinə təqdim edilir.
5.7. Palata üzrə yekun Rəyin layihəsi Palatanın Sədri tərəfindən müvafiq qaydada baxılmaq üçün Kollegiya iclasına təqdim edilir.
5.8. Rəyin layihəsi Palatanın Kollegiya iclası tərəfindən təsdiq olunduqdan sonra Rəy Palatanın Sədri tərəfindən imzalanır və Hesablama Palatasının Daxili Nizamnaməsinin 16.2-ci və 16.3-cü maddələrinin tələblərinə uyğun olaraq müvafiq qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur.
VI. Məsuliyyət
6.1. Palatanın bütün vəzifəli şəxsləri və işçiləri bu Qaydaların tələblərinin vaxtında və keyfiyyətlə icra olunmasına müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.












