Azərbaycan Respublikası Hesablama Palatasının normativ-metodiki sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi qaydaları

Hesablama Palatasının Kollegiya İclasının “26” yanvar
2009-cu il tarixli Q-1 №li qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Hesablama Palatasının normativ - metodiki sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi
Qaydaları

I. Ümumi müddəalar

1.1 “Azərbaycan Respublikası Hesablama Palatasının normativ-metodiki sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi Qaydaları” (bundan sonra-Qaydalar) Azərbaycan Respublikasının 2002-ci il 5 mart tarixli 269-II Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi”nin  tələblərinə əsasən, “Hesablama Palatası haqqında”, “Büdcə sistemi haqqında”, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunlarına və INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) tərəfindən tövsiyə edilmiş standartların ümumi prinsiplərinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu  Qaydalar Azərbaycan Respublikası Hesablama Palatasının (bundan sonra – Palata)  fəaliyyətinin normativ-metodiki təminatının təşkilini tənzimləyir.

1.3. Palatanın fəaliyyətinin normativ-metodiki təminatı Palatanın vəzifələrinin yerinə yetirilməsini və  fəaliyyətini təmin edən normativ-metodiki sənədlərin (bundan sonra - normativ sənədlər) hazırlanması yolu ilə həyata keçirilir.

1.4. Bu Qaydaların məqsədi Palatanın normativ sənədlərinin hazırlanması, baxılması və təsdiq olunması qaydaları üzrə proseduruna, normativ sənədlərin növlərinə və strukturuna, həmçinin forma və məzmununa dair tələblərin müəyyən edilməsidir.

1.5. Bu Qaydaların tətbiqi normativ sənədlərin hazırlanması və təsdiqlənməsi prosesinin nizama salınmasına və  Palatanın fəaliyyətinin metodiki təminatının vahid sisteminin yaradılmasına xidmət edir.

II. Normativ sənədlərin  hazırlanmasına dair tələblər

2.1. Palatanın normativ sənədləri müəyyən edilmiş qaydada  təsdiq edilən və Palatanın funksiya və vəzifələrinin həyata keçirilməsini, fəaliyyətinin planlaşdırılması və təşkili proseslərini təfsilatı ilə əks etdirən və tənzimləyən sənədlərdir.

2.2.  Normativ sənədlərdə Palata üzvlərinin və əməkdaşlarının Palatanın funksiyalarının həyata keçirilməsi üzrə vahid fəaliyyət qaydalarını müəyyən edən konkret prosedur, mexanizm, norma, tələb və tövsiyələr əks edilməlidir.

2.3. Palatanın fəaliyyətində normativ sənədlərin tətbiqi:
  • Azərbaycan Respublikasının qanunlarının və digər normativ hüquqi aktların tələblərinə riayət edilməsinə və normalarının tətbiq olunmasına;
  • nəzarət və digər tədbirlərin həyata keçirilməsinin təşkili və icrasının səmərəliliyinin yüksəldilməsinə;
  • Palatanın fəaliyyətində elmi nailiyyətlərin, yeni texnologiyaların və xarici ölkələrin Ali Audit Qurumlarının təcrübələrinin tətbiqinə;
  • nəzarət tədbirlərinin nəticələrinin etibarlılığının, dürüstlüyünün, əsaslılığının və obyektivliyinin artırılmasına;
  • Palatanın vəzifə və hüquqlarının, nəzarət tədbirləri üzrə həyata keçirilməli olan hərəkətlərin birmənalı tövsif olunmasına;
  • Palata əməkdaşlarının vəzifə öhdəliklərinin yerinə yetirilməsinə və onların fəaliyyəti üzərində nəzarətin təmin edilməsinə yönəldilməlidir.

2.4. Palatanın normativ sənədləri aşağıdakı əsas tələblərə cavab verməlidir:
  • məqsədəuyğunluq – məqsədli və praktiki cəhətdən əhəmiyyətli olmalıdır;
  • ardıcıllıq və ziddiyyətsizlik – Palata tərəfindən qəbul edilmiş hər bir növbəti sənəd əvvəlki sənədlərlə uyğunluluğu və qarşılıqlı əlaqəni təmin etməlidir;
  • məntiqi quruluş – ifadələr (fikirlər) qısa və dürüst, üslub aydın olmalıdır;
  • əhatəlilik və müfəssəllik – normativ sənədlərdə əks etdirilən məsələlər tam əhatə olunmalı, müvafiq prinsip və müddəalar inkişaf etdirilərək tamamlanmalıdır;
  • terminoloji bazanın vahidliyi – bütün normativ sənədlərdə terminlərin birmənalı şərhi saxlanılmalıdır.

2.5. Normativ sənədlərin hazırlanmasında “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun, digər normativ hüquqi aktların, bu Qaydaların müddəaları rəhbər tutulmalı, həmçinin Palatanın üzv olduğu beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmalıdır.

III. Normativ  sənədlərin növləri

3.1. Palatanın normativ sənədləri standartlar, əsasnamələr, qaydalar, normalar, metodiki göstərişlər, təlimatlar və digər sənədlər şəklində hazırlanır.

3.2. Palatanın normativ sənədləri təyinatlarına görə aşağıdakı qruplarda təsnifləşdirilə bilər:
  • ümumi normativ sənədlər;
  • xüsusi normativ sənədlər;
  • təşkilati  məsələlər üzrə normativ sənədlər.

3.3. Ümumi normativ sənədlər universal xarakter daşıyır və Palatanın apardığı maliyyə-büdcə nəzarəti tədbirləri, o cümlədən audit, ekspert-analitik  və digər fəaliyyət növlərinin həyata keçirilməsi prosedurunu müəyyənləşdirir.
Ümumi normativ sənədlərə standartlar, qaydalar, normalar və sair normativ  sənədlər aiddir. Bu normativ sənədlər aşağıdakı tədbirlərin və proseslərin həyata keçirilməsini tənzimləyir:
  • növbəti ilin dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələri haqqında qanun layihələri üzrə Rəyin hazırlanması;
  • dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin icrası barədə Rəyin hazırlanması;
  • audit və ekspert-analitik tədbirlərin keçirilməsi və nəticələri üzrə akt, hesabat və rəylərin rəsmiləşdirilməsi;
  • qanun, proqram, beynəlxalq müqavilə və Azərbaycan Respublikasının digər normativ hüquqi akt layihələrinin maliyyə ekspertizası;
  • Palatanın fəaliyyəti haqqında illik hesabatın hazırlanması;
  • digər tədbirlər.
3.4. Xüsusi normativ sənədlər konkret nəzarət və digər tədbirlərin həyata keçirilməsi prosesində Palatanın struktur vahidlərinin və  işçilərinin fəaliyyətinin tənzimlənməsini nəzərdə tutur və özündə xüsusi metodikanı əks etdirməklə məqsədindən, obyektindən və predmetindən asılı olaraq nəzarət və digər tədbirlərin aparılmasının ayrı-ayrı prosedurlarını müəyyən edir.
Bu qrupa əsasən metodiki göstərişlər, təlimatlar, tövsiyələr və digər sənədlər daxildir və onlar aşağıdakı istiqamətlərdə nəzarət tədbirlərinin aparılması xüsusiyyətlərini əks etdirir:
  • növbəti il üzrə büdcə layihəsinin gəlir və xərclərinin ümumi  göstəricilərinin əsaslandırılmasının qiymətləndirilməsi üzrə;
  • dövlət büdcəsinin gəlir və xərclərinin təsnifatının bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələri üzrə;
  • büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin göstəriciləri üzrə;
  • xəzinədarlıq orqanları üzrə;
  • nəzarət obyektlərinin digər sferaları və fəaliyyət istiqamətləri üzrə.
Xüsusi normativ sənədlər ümumi normativ sənədlərin əsasında hazırlanmalı və onların tələblərinə cavab verməlidir.

3.5. Ümumi və xüsusi normativ sənədlərə ayrı-ayrı vəziyyətləri aydınlaşdırmaq üçün formalar, cədvəllər, sxemlər, maketlər və digər texniki sənədlər əlavə oluna bilər.

3.6. Ümumi və xüsusi normativ sənədlərin, həmçinin texniki sənədlərin məzmunu Palatanın nəzarət və digər fəaliyyət üzrə tədbirlərinin aparılmasının təşkili və texnologiyasına kompleks yanaşmanı təmin etməlidir.

3.7. Təşkilati   məsələlər üzrə normativ sənədlər  qayda, əsasnamə, təlimat və digər formalarda  hazırlanır və Palatanın fəaliyyətində daxili məsələlərin tənzimlənməsinə yönəldilir. Təşkilati məsələlər üzrə normativ sənədlər aşağıdakıların təşkili üçün nəzərdə tutulur:
  • fəaliyyətin planlaşdırılması;
  • kargüzarlıq;
  • informasiya təminatı;
  • Palatanın fəaliyyəti üzrə digər məsələlər.

IV. Normativ sənədlərin məzmunu

4.1. Palatanın normativ sənədləri bir qayda olaraq aşağıdakıları əks etdirməlidir:
ümumi müddəalar – normativ sənədin zəruriliyi, onun əsas termin və anlayışlarının müəyyənləşdirilməsi, tətbiq ediləcək sahə və obyektlərinin təsviri;
məqsəd və vəzifələr – normativ sənədin təyinatı və onun tətbiq olunması ilə həlli təmin olunan konkret problemlər;
digər sənədlərlə qarşılıqlı əlaqə – müvafiq məsələlərdə digər normativ sənədlərə əsaslanma;
əsas prinsip və metodikanın müəyyənləşdirilməsi – normativ sənəddə baxılan problemlərin həllində istifadə edilən yanaşma və prosedurların qəbul olunmuş üsullarının təsviri;
normativ hüquqi aktların siyahısı – Palatanın normativ sənədlərinin tələblərinin yerinə yetirilməsi zamanı istifadəsi  vacib olan sənədlərin siyahısı (zərurət yarandıqda);
əlavələr – cədvəllər, sxemlər, formalar və s. (zərurət yarandıqda);

4.2. Normativ sənədlərin aşağıdakı rekvizitləri olmalıdır:
  • normativ sənədin adı (qaydalar, metodik göstəriş, əsasnamə və s);
  • tənzimləmə predmetini əks etdirən normativ sənədin adı (başlığı);
  • normativ sənədin qəbul edildiyi tarix və yer;
  • müvafiq normativ sənədi imzalamaq səlahiyyəti olan şəxsin imzası;
  • normativ sənədin nömrəsi;

V. Normativ sənədlərin hazırlanmasının planlaşdırılması və təşkili

5.1. Palatanın fəaliyyətinin normativ metodoloji təminatı üzrə işə ümumi rəhbərlik Palatanın Sədri tərəfindən həyata keçirilir. Palatanın normativ sənədlərinin hazırlanması üzrə işin koordinasiya edilməsi və təşkili Palatanın sədr müavini tərəfindən həyata keçirilir. Palatanın fəaliyyət istiqamətləri üzrə normativ sənədlərin hazırlanması işinin təşkilini auditorlar həyata keçirirlər.

5.2. Palatanın normativ sənədlərinin hazırlanması üzrə iş planının layihəsi Palatanın üzvlərinin  və struktur bölmələrinin təklifləri əsasında formalaşdırılır, Palatanın illik iş planı layihəsinə daxil edilir və Palatanın Kollegiya iclaslarında müəyyən edilmiş qaydada baxılır.

5.3. Ümumi, xüsusi və təşkilati məsələlər üzrə normativ sənədlərin işlənib hazırlanması fəaliyyət istiqamətləri üzrə auditorlar və həvalə olunmuş funksiyalara müvafiq olaraq Palatanın  struktur bölmələri tərəfindən həyata keçirilir.

5.4. Palatanın fəaliyyətinin təmin edilməsi üçün daha vacib olan ümumi,  xüsusi və təşkilati məsələlər üzrə normativ sənədlərin işlənib hazırlanması üçün Palata rəhbərliyi tərəfindən müvəqqəti işçi qrupu yaradıla bilər.
Müvəqqəti işçi qrupunun işinin təşkili Palata Aparatının rəhbəri tərəfindən  həyata keçirilir.

5.5. Palatanın normativ sənədlərinin layihəsinin, o cümlədən alternativ layihələrin hazırlanması dövlət orqanlarına, elmi idarələrə, qeyri-dövlət qurumlarına, ayrı-ayrı alim və mütəxəssislərə və ya onların kollektivlərinə tapşırıla, yaxud müqavilə ilə sifariş edilə, habelə ən yaxşı layihə üçün müsabiqə elan edilə bilər.

VI. Normativ sənədlərin baxılması və təsdiqi

6.1. Hesablama Palatasında hazırlanmış  normativ sənədlərin layihələri, mövcud qanunvericiliyin və bu Qaydaların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə Palata üzvlərinə və struktur bölmələrinə göndərilir. Palatanın normativ sənədlərinin layihələri mütləq Hüquq və dövlət qulluğu şöbəsi ilə razılaşdırılmalıdır.

6.2. Struktur bölmələrinin rəhbərləri normativ sənədin layihəsinə yazılı rəy verdikdən sonra sənəd icraçı tərəfindən yenidən işlənilir, sədr müavini və  fəaliyyət istiqaməti üzrə auditorlarla  razılaşdırmaqla, Palatanın Kollegiya iclasında müzakirə edilmək üçün müvafiq qaydada Palatanın rəhbərliyinə təqdim edilir.

6.3. Palatanın normativ sənədləri Hesablama Palatasının Kollegiya iclasının qərarı ilə təsdiq olunduqdan sonra qüvvəyə minir.
Palatanın aidiyyatı struktur bölməsi normativ sənədlərin qeydiyyatını müvafiq qaydada həyata keçirir, möhürləyir və əsas nüsxəni aidiyyatı struktur bölməsində saxlamaq şərtilə, sənədin surətlərini Palatanın normativ sənədlər bazasına daxil edilməsi və kitabxanada yerləşdirilməsi üçün isə aidiyyatı struktur bölməsinə göndərir.
Palatanın normativ sənədləri qüvvəyə mindikdən sonra Palata Aparatının rəhbəri tərəfindən müvafiq struktur bölmələrinin işçiləri tanış edilir, zəruri hallarda normativ sənədin qüvvəsi şamil edilən təşkilat, orqan və şəxslərin nəzərinə çatdırılmaq üçün müvafiq tədbirlər görülür.
Normativ sənədlər qüvvəyə mindikdən sonra Palatanın WEB-saytında  yerləşdirilir. Zərurət yarandıqda həmin sənədlər lazımi tirajda dərc edilə bilər.

6.4. Palatanın normativ sənədlərinin qüvvəsinin geriyə şamil edilməsi və Palatanın normativ sənədlərinin qüvvəsinin itirilməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunu  ilə tənzimlənir.

6.5. Palatanın normativ sənədləri, onların özlərində ayrı hal nəzərdə tutulmadıqda müddətsiz qüvvədə olur.

VII. Yekun müddəalar

7.1. Palatanın normativ sənədlərinin rəsmi şərhi Palata tərəfindən verilə bilər.

7.2. Palatanın normativ sənədlərinin müqavilə və ya sifarişlə hazırlanması, ən yaxşı layihə üçün müsabiqə keçirilməsi, onların ekspertizası, rəsmi nəşri, sair üsulla yayılması xərcləri dövlət büdcəsi hesabına ödənilir.