Azərbaycan Respublikası Hesablama Palatasının Dövlət qulluqçularının etik davranış qaydaları

Azərbaycan Respublikası Hesablama  Palatası
İclasının “11” oktyabr 2007-ci il tarixli Q-6
nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Hesablama Palatasının  Dövlət qulluqçularının etik davranış

Qaydaları

I. Ümumi müddəalar.

1. “Azərbaycan Respublikası Hesablama Palatasının Dövlət qulluqçularının etik davranış Qaydaları”nın əhatə dairəsi
 
1.1. Bu Qaydalar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinin icrası olaraq  hazırlanmış, Hesablama Palatasının Aparatının dövlət qulluqçularının (bundan sonra “dövlət qulluqçuları”) etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir və Palatada dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir.

1.2. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, bu qaydaların müddəalarına əməl etməyə borcludur.

2. Bu qaydaların məqsədləri

 
2.1. Bu qaydaların məqsədləri aşağıdakılardan ibarətdir:

2.1.1. Palatanın və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların Palataya və dövlət qulluqçularına etimadının yüksəldilməsi;

2.1.2. dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;

2.1.3. Palatada korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;

2.1.4. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;

2.1.5. dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması;

2.1.6. dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.

3. Hesablama Palatasında xidməti davranışın hüquqi tənzimlənməsi

3.1 Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu və bu Qaydalarla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.

3.2. Dövlət qulluqçusunun xidməti davranışı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa, bu Qaydalara və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.

3.3. Hesablama Palatasının qulluqçuları nəzarət tədbirlərinin yerinə yetirilməsində düzgün mövqe tutmalı, şəxsi və peşəkar rəftarı qüsursuz olmalı, nəzarət tədbirləri keçirilən təşkilatlarla münasibətlərində yanlış qənaətə gəlməməli, qərəzsiz olmalı və şübhə üçün əsas yarada biləcək hərəkətlərə yol verməməli, “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunlarının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin və bu Qaydaların tələblərini yerinə yetirməli və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş qanunçuluq, sərbəstlik, obyektivlik, aşkarlıq və ədalətlilik, həmçinin İNTOSAİ-in Etika Məcəlləsi ilə müəyyən olunmuş etibarlılıq, dürüstlük, bitərəflilik, siyasi neytrallıq və peşəkarlığın artırılması üzrə davamlı fəaliyyət  prinsiplərinə ciddi riayət etməlidir.

II. Etik davranış qaydaları

4. Vicdanlı davranış

4.1. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur.

4.2. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

5. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması

5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur.

5.2. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

6. Loyallıq

6.1. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda elmi-pedaqoji fəaliyyət ilə bağlı çıxışlara və ya elmi yazılara şamil olunmur.

6.2. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Palatanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

6.3. Dövlət qulluqçusu Palata tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir.

6.4.  Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur:

6.4.1. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;

6.4.2. istefaya getdikdən, işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə məlumatlardan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;

6.4.3. işlədiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə;

6.4.4. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə;

6.4.5. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;

6.4.6. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə;

6.4.7. dövlət orqanlarında əlavə ödənişli vəzifə tutmağa;

6.4.8. Elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, Palatanın sədrinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa.

6.5 Dövlət qulluqçusu 64-cü bəndin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində Hesablama Palatasının sədrinə məlumat verməlidir.

6.6. Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş digər məhdudiyyətlərə əməl etməlidir.

7. İctimai etimad

7.1. Dövlət qulluqçusu Azərbaycan Respublikasının, Palatanın və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.

7.2. Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

7.3. Dövlət qulluqçusu Palatanın və onun vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.

8. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət

8.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir.

8.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

8.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.

8.4. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

8.5. Palata tərəfindən aparılan nəzarət tədbirlərində iştirak edən dövlət qulluqçuları hüquq və vəzifələrindən bu qaydalarla müəyyən olunmuş davranış qaydalarına əməl etməklə istifadə etməlidir.

9. Mədəni davranış

Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli, səbirli və ədalətli olmalıdır.

10. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi


10.1. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.

10.2. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir.

10.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

11. Qərəzsizlik

11.1. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.

11.2. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

11.3. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

12. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi

12.1. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.

12.2. Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

12.3. Hesablama Palatasının işçiləri nəzarət tədbirləri həyata keçirilən zaman bu bənddə qeyd olunan tələbləri gözləməli, fəaliyyətini obyektiv və qərəzsiz qurmalıdır.
 
13. Korrupsiyanın qarşısının alınması

13.1. Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa şöbə müdirinə, şöbə müdiri isə Palatanın sədrinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər Hesablama Palatasına akt üzrə təhvil verilməlidir.

13.2. Tərəflərdən biri Hesablama Palatası olan əqdlərdə Palatanın işçisi digər tərəf ola bilməz.

14. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

14.1. Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

14.2. Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda, bu məsələ barədə işçilər birbaşa rəhbərinin rəyini öyrənməlidir.

15. Maraqlar toqquşmasının qarşısının alınması


15.1. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

15.2. Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə Palatanın rəhbərliyinə məlumat verməyə borcludur.

15.3. Dövlət qulluqçusu Palata daxilində başqa işə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə Hesablama Palatasının sədrinə məlumat verməlidir.

15.4. Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.

15.5. Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda, bu barədə birbaşa şöbə müdirinə, şöbənin kuratoru olan auditora, sədr müavininə və ya Palatanın sədrinə müraciət etməlidir.

16. Dövlət əmlakından istifadə

16.1. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

16.2. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

16.3. Hesablama Palatasının dövlət qulluqçuları bu bəndlə müəyyən edilmiş tələblərə əməl etməklə yanaşı nəzarət tədbirlərində nəzarət obyektinin əməkdaşlarının dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etmələrinin yoxlanmasını təmin etməlidirlər.
 
17. Məlumatlardan istifadə

17.1. Dövlət qulluqçusu Palatanın sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir.

17.2. Dövlət qulluqçusu Palatada müəyyən olunmuş xidməti məlumatların təqdim edilməsi qaydalarına əməl etməlidir.
Hesablama Palatasında mətbuatla əlaqələr Palatanın mətbuat katibi vasitəsi ilə tənzimləndiyindən dövlət qulluqçuları bu məsələlər ilə bağlı ona yardım etməli və onun fəaliyyətinə müdaxilə etməməlidirlər.

17.3. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

18. İctimai və ya siyasi fəaliyyət

18.1. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.

18.2. Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

18.3. Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək, digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.

18.4. Dövlət qulluqçusuna Hesablama Palatasında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud Palatada göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

18.5. Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.

III. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması

19.1. Dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunması üçün:

19.1.2. Palatada dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, sektor müdiri, şöbə müdiri, şöbənin kuratoru olan auditor, sədr müavini və ya Palatanın sədri tərəfindən, şöbə müdirlərinin etik davranış qaydalarına uyğunluğu onun özü və ya Palatanın sədri tərəfindən müntəzəm təhlil edilir;

19.2. dövlət qulluqçusu, onun birbaşa və ya yuxarı rəhbəri tərəfindən bu fəsildə nəzərdə tutulmuş tədbirlər görülür.

20. Etik davranış qaydalarına əməl olunmasına nəzarət

20.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti:

20.1.1. Hesablama Palatasının sədri;

20.1.2. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş qaydada həyata keçirir.

21. Hesablama Palatasının sədri tərəfindən nəzarət

21.1. Hesablama Palatasının sədri:

21.1.1. Palatada olan dövlət qulluqçularının xidməti davranışlarının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu və bu qaydalarla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalı;

21.1.2. öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməli;

21.1.3. Palatanın dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalı;

21.1.4. tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməli;

21.1.5. Hesablama Palatasına kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməli;

21.1.6. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməli;

21.1.7. tabeliyində olan dövlət qulluqçularına etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməli;

21.1.8. etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməli;

21.1.9. etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görməli;

21.1.10. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmalı;

21.1.11. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməli və etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.

21.2. Palatada etik davranış qaydalarına əməl olunmasına nəzarəti Hüquq və dövlət qulluğu şöbəsi həyata keçirir.

21.3. Hesablama Palatasının Aparatının şöbələrində bu qaydaların tələblərinə nəzarət həmin şöbələrin müdirləri tərəfindən həyata keçirilir. Onların tabeliyində olan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının tələbləri pozulduqda intizam icraatına başlanması üçün xidməti məktubla Hüquq və dövlət qulluğu şöbəsinə məlumat verilir.

22. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

22.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

22.2. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

22.3. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:

22.3.1. bu qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

22.3.2. kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.

22.4. İntizam icraatı Hüquq və dövlət qulluğu şöbəsi tərəfindən başlanır. Hesablama Palatasının dövlət qulluqçularının fəaliyyətində intizam məsuliyyətinə cəlb olunmaq üçün əsas olduqda, Hüquq və dövlət qulluğu şöbəsi intizam tənbehi tətbiq edilməsi üçün Hesablama Palatasının sədrinə təhriri məruzə ilə müraciət edir.

22.5. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, bu barədə cinayət təqibi orqanına məlumat verilir.