Ümumi məlumat

Nəzarətin rəhbər prinsipləri barədə Lima Bəyannaməsinə uyğun olaraq hazırlanmış “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq “Hesablama Palatası xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən orqanlarla və onların beynəlxalq təşkilatları ilə əlaqə saxlayır, onlarla əməkdaşlıq edir”.

Qanunun bu tələblərini həyata keçirərək Hesablama Palatası 2002-ci ilin aprelindən (yaradıldığı gündən bir neçə ay sonra) INTOSAI -ın(Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı),2002-ci ilin may ayından – EUROSAI -ın(Ali Audit Qurumlarının Avropa Təşkilatı), 2002-ci ilin iyun ayından ASOSAI -ın (Ali Audit Qurumlarının Asiya Təşkilatı), 2002-ci ilin sentyabrından – ECOSAI -ın (İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Ali Audit Qurumlarının Birliyi) üzvüdür. Bundan başqa Azərbaycan Respublikası Hesablama Palatası Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ali maliyyə nəzarəti orqanlarının rəhbərləri Şurasının üzvüdür.

Adıçəkilən təşkilatlarla əməkdaşlıq Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericilik və hüquqi normativ bazasının təkmilləşdirilməsində, Palatanın institusional inkişafında, aparılan nəzarət tədbirlərinin keyfiyyətinin artırılmasında, kadr potensialının gücləndirilməsində əhəmiyyətli köməklik göstərir.

Hesablama Palatasının INTOSAI-ın Peşəkar Standartlar üzrə və Potensialın Gücləndirilməsi üzrə Komitələrinin, EUROSAI-ın Ətraf mühitin auditi üzrə İşçi qrupunun,EUROSAI-ın qəzaların qarşısının alınması və ləğvi ilə bağlı ayrılan vəsaitlərinauditi üzrə Xüsusi qrupunun, ECOSAI-ın Treninq Komitəsinin üzvü kimi onların işində, habelə kadrların hazırlanması sahəsində IDI təşkilatı (INTOSAI-in İnkişaf Təşəbbüsü) ilə fəal əməkdaşlığı ( 2006-cı ildə Bakıda Dövlət borclarının auditi mövzusunda təlimatçılar üçünIDI / EUROSAI-in seminarı keçirilmişdir) Palatanın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də öz bəhrəsini verir.

Digər ölkələrin Ali Audit Qurumları (AAQ) ilə ikitərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilir. Belə ki, Rusiya Federasiyası Hesablama Palatası (2002), Gürcüstan Respublikası Nəzarət Palatası (2003), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Milli Audit Ofisi (2004), İran İslam Respublikası Ali Audit Məhkəməsi (2005), Pakistan İslam Respublikası Baş Auditor Ofisi (2005), Türkiyə Cümhuriyyəti Sayıştay Başkanlığı (2005), Küveyt Dövləti Auditor Bürosu (2006), Qazaxıstanın respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsi (2006), Ukraynanın Hesablama Palatası (2006) ilə əməkdaşlıq haqqında Saziş və Memorandumlar imzalanmışdır. Sənədlərdə, əsasən, birgə və paralel nəzarət tədbirlərinin keçirilməsi, keçirilən nəzarət tədbirlərinin keyfiyyətinin artırılması, müvafiq informasiya-arayış materiallarının mübadiləsi, peşəkar təlim, kadrların ixtisasının artırılması və s. məsələlər üzrə əməkdaşlıq nəzərdə tutulur.

Həmin Sazişlər çərçivəsində Qazaxıstan və Rusiya AAQ-ları iləXəzər dənizinin bioloji resurslarından, habelə nərə balıq növlərinin mühafizəsi, qorunması, bərpası və rasional istifadəsinə yönəldilən vəsaitlərdən istifadənin səmərəliliyinin paralel yoxlanılması (auditi), Rusiya Federasiyası Hesablama Palatası ilə Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əməkdaşlıq məsələlərinə dair Hökumətlərarası razılaşmanın realizasiyasının təhlili üzrə paralel nəzarət-analitik tədbir keçirilmiş, Gürcüstan Respublikası Nəzarət Palatasının xahişi ilə sərhədyanı avtomobil daşınmalarının təhlili, habelə tütün məmulatlarının Azərbaycandan Gürcüstana ixracının birgə monitorinqi aparılmışdır.

Dövlət maliyyə nəzarətinin həyata keçirilməsi qaydaları və metodologiyaları sahəsində dünya təcrübəsi, müvafiq məlumat –arayış və metodoloji materiallar Hesablama Palatasının İş planlarının və dövlət maliyyə auditinin aparılması üzrə milli standartların hazırlanmasında, kadr hazırlığı siyasətində geniş tətbiq olunur.