Layihələr
Hesablama Palatasının 2008-2010-cu illər üçün “Strateji İnkişaf Planı” (SİP) layihəsi.
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır. Beynəlxalq analogiya baxımından Hesablama Palatası respublikada Ali Audit Qurumu kimi fəaliyyət göstərir. Palata dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir (“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 2-1). Qanunvericiliklə müəyyən edilmiş funksiyaları daha səmərəli həyata keçirmək üçün Hesablama Palatası əməkdaşlarının peşəkar qabiliyyət və bacarıqlarının daim inkişaf etdirilməsinə, maliyyə nəzarəti praktikasının təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına böyük ehtiyac duyulur. Həmin ehtiyacın ödənilməsi, işçilərdə beynəlxalq mühasibat və audit standartları ilə işləmək qabiliyyətinin formalaşdırılması üçün Hesablama Palatasına kənar dəstəyin göstərilməsi vacib şərtlərdəndir.
İndiyədək bu istiqamətdə müəyyən işlər görülmüşdür. Belə ki, Dünya Bankının dəstəyi ilə həyata keçirilmiş İnstitusional Quruculuğa II Texniki Yardım Layihəsi (IBTA II) çərçivəsində 2004-cü ilin mart ayından 2005-ci ilin mart ayınadək olan dövrdə Hesablama Palatasına Avstraliyanın “IDP Education Australia Limited” və “Stanton Partners” şirkətləri tərəfindən texniki dəstək proqramı həyata keçirilmişdir. Həmin proqram üzrə əsas məqsədlərdən birinin Hesablama Palatasında beynəlxalq mühasibat və audit standartları əsasında peşəkar qabiliyyətlərin formalaşdırılması və bu istiqamətdə təlim kurslarının keçirilməsinin nəzərdə tutulmasına baxmayaraq beynəlxalq məsləhətçilər tərəfindən dövlət sektorunda auditin müxtəlif növləri üzrə Hesablama Palatasının əməkdaşları üçün yalnız bir neçə təlim kursları keçirilmişdir.
Lakin son zamanlar ölkəyə böyük məbləğlərdə maliyyə axınlarının daxil olması, makroiqtisadi sabitlik və davamlı inkişaf nəticəsində dövlət büdcəsinin həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır və bu artım permanent xarakter daşıyır. Ona görə də artan dövlət vəsaitlərindən istifadə üzərində etibarlı və keyfiyyətli nəzarət mexanizminin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Dövlət və hökumət rəhbərliyi tərəfindən bu məsələyə daha çox diqqət yetirilməsini nəzərə aldıqda problemin müsbət həllinə çox ciddi ehtiyacın olduğunu qeyd etmək mümkündür.
Bütün bunlar nəzərə alınmaqla 2007-ci ildə Dünya Bankı tərəfindən həyata keçirilən Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində İrlandiyanın “HELM Corporation Limited” şirkətinin dəstəyi ilə Hesablama Palatasının 2008-2010-cu illər üçün “Strateji İnkişaf Planı” (SİP) hazırlanmışdır və bu Planda Palatanın fəaliyyət istiqamətlərini əhatə edən məsələlərin həlli üçün tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi üçün SECO təşkilatı tərəfindən qrant şəklində vəsaitin ayrılması planlaşdırılır ki, Layihənin Əməliyyat Təlimatında (aprel, 2008-ci il) bu vəsaitlərdən istifadə istiqamətləri kimi təlim üçün kompüter avadanlığı və təlim materiallarının alınması, rəhbər əməkdaşlara məsləhətlərin verilməsi və beynəlxalq təlimlərin keçirilməsi, audit metodologiyası, audit qanunvericiliyi, büdcə, audit üzrə informasiya texnologiyası, audit üçün insan resursları üzrə məsləhətlərin verilməsi, təlim/təcrübə almaq məqsədilə ezamiyyələr, təlimçilər üçün baza təliminin keçirilməsi, Xəzinədarlığın İdarəedilməsi üzrə İnformasiya Sistemi (XİİS) üçün kompüter avadanlığının alınması və on-line birləşmənin təmin edilməsi, təlim proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi, təcrübəli ali audit qurumu ilə ikitərəfli əlaqələrin yaradılması, pilot audit yoxlamalarının həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Eyni zamanda, SİP-də Hesablama Palatası tərəfindən dövlət maliyyə nəzarətində təkmilləşməni dəstəkləyən səylər kimi insan resurslarının səmərəli idarə olunmasına xüsusi diqqət yetirilmişdir. Qeyd edilmişdir ki, istənilən islahatlar insan resurslarının imkanları və bacarıqlarından, daha da müasirləşdirilmiş audit yanaşmasını dəstəkləyən institusional strukturun yaradılmasından asılıdır. Hazırda Palatada çalışan əməkdaşların sayı nəzərdə tutulmuş tədbirləri tam yerinə yetirməyə imkan vermədiyi üçün davamlı işəgötürmə proqramı əsasında hər il Palataya yeni əməkdaşların işə götürülməsi nəzərdə tutulmuşdur ki, bu da ümumi kollektivin bacarıq və imkanlarının təkmilləşdirilməsi üçün peşəkar audit təliminin davam etdirilməsini və sonrakı inkişafını tələb edir.
Bununla yanaşı, öz inkişafının ikinci mərhələsi olan 2008-2010-cu illərdə Hesablama Palatasının məqsədi yaxın illərdə Palatanın əməkdaşları tərəfindən beynəlxalq standartlara uyğun olmaqla və minimum beynəlxalq yardımla böyük həcmli audit yoxlamalarının aparılmasının təmin edilməsindən ibarət olmalıdır və bu uzunmüddətli məqsəd audit planlaması, audit hesabatı və keyfiyyət təminatı daxil olmaqla auditin müxtəlif komponentlərini əhatə edir.
Büdcə xərclərinin durmadan artdığı və keyfiyyətli audit nəzarətinin tələb olunduğu indiki şəraitdə Hesablama Palatasının məqsədi həm də öz fəaliyyətində maliyyə auditindən kənara çıxaraq səmərəlilik auditindən və auditin digər metodlarından geniş istifadə edilməsindən ibarət olmalıdır. Bütün bunlar isə təxirə salınmadan beynəlxalq audit standartları əsasında milli audit standartlarının, müvafiq metodiki təminatın yaradılmasını tələb edir ki, Hesablama Palatasının bu sahədə fəaliyyəti prioritet vəzifələrdən biri hesab olunur.












