Azərbaycan Respublikasının Milli Məclisinin Daxili Nizamnaməsi
Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Qanunu
(№ 74-IQ/ 17 may 1996-cı il, 2 aprel 1999-cu il tarixli, 646-IQ nömrəli; 7 mart 2000-ci il tarixli, 818-IQD nömrəli; 24 noyabr 2000-ci il tarixli, 3-IIQ nömrəli; 1 dekabr 2000-ci il tarixli, 9-IIQD nömrəli; 17 dekabr 2002-ci il tarixli, 403-IIQD nömrəli; 9 aprel 2004-cü il tarixli, 622-IIQD nömrəli; 30 dekabr 2005-ci il tarixli, 51-IIIQD nömrəli; 12 may 2006-cı il tarixli, 107-IIIQD nömrəli; 20 oktyabr 2006-cı il tarixli, 167-IIIQD nömrəli; 16 iyun 2007-ci il tarixli, 388-IIIQD nömrəli; 1 oktyabr 2007-ci il tarixli, 424-IIIQD nömrəli; 23 oktyabr 2007-ci il tarixli, 465-IIIQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə)
(Qanundan çıxarış)
Maddə 21-1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatı, Azərbaycan Respublikasının Hesablama Palatasının illik hesabatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, İnformasiya Məsələləri üzrə müvəkkilin hesabatı, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı.
«Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti hər il Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.
Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsinin 25.3-cü maddəsinə uyğun olaraq Hesablama Palatası onun fəaliyyəti haqqında illik hesabatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.
«Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 14.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikası Milli Məclisi qarşısında illik məruzə ilə çıxış edir.
«Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hər ilin sonunda öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məruzə təqdim edir. Bu məruzədə bələdiyyələrinə fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı təkliflər verə bilər.
«İnsan alverinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.
İnformasiya Məsələləri üzrə müvəkkil hər cari ildən sonra ən geci üç ay ərzində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edir. Hesabatda il ərzində görülmüş işlərin ümumiləşdirilmiş xülasəsi, o cümlədən hüquq pozuntuları törətmiş informasiya sahiblərinə, ərizə və şikayətlərə, göstərişlərə, xidməti nəzarət qaydasında aparılmış işlərə, görülmüş tədbirlərə, qanunun tətbiqi ilə bağlı digər hallara dair məlumatlar, habelə Müvəkkilin rəy və təklifləri öz əksini tapır.
«Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məlumat təqdim edir.
Maddə 44. Milli Məclisin Hesablama Palatası
Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə əsasən, Milli Məclis Hesablama Palatası yaradır. Hesablama Palatası Milli Məclisə hesabat verən daimi fəaliyyət göstərən dövlət büdcə nəzarəti orqanıdır.
Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir.
Hesablama Palatasının sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində iş təcrübəsinə malik olan ali təhsilli şəxslər olmalıdır.
Hesablama Palatasının sədri, sədr müavini və auditorları Milli Məclisin Sədrinin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunurlar.
Hesablama Palatasının sədrliyinə, sədr müavinliyinə namizədlər Milli Məclis qarşısında çıxış edirlər. Deputatlar onlara suallar verə, təklif olunan namizəd barəsində öz fikirlərini bildirə, namizədin lehinə və ya əleyhinə çıxış edə bilərlər.
Hesablama Palatasının auditorları Milli Məclisə qısa məlumatla təqdim olunurlar. Hesablama Palatasının sədrinin, sədr müavininin, auditorlarının vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə qərar Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə qəbul edilir.












